33 il sonra tapılan şəhidin qızı: Bizə qayıdacağını söz vermişdi
Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab edilən Kamalov Bahadur Məhəmməd oğlunun nəşi doğulduğu Kəlbəcərin Zar kəndində keçirilən vida mərasimindən sonra torpağa tapşırılıb.
AFN.az "Modern.az"a istinadən xəbər verir ki, 1937-ci ildə Zar kəndində anadan olan Bahadur Kamalov 1993-cü il aprelin 5-də Murovdağ silsiləsində gedən döyüşlərdə itkin düşmüşdü. Şəhidin qızı Kəmalə Kamalova atasının 33 illik itkinlik tarixçəsi və ailəsinin çəkdiyi həsrət barədə danışıb:
"33 il həsrət içərisində yaşayırdıq. Artıq həsrət-vüsala qovuşdu, atamızı dəfn etdik. Atamın 6 oğlu, 4 qızı var. Evin böyük övladı olan böyük bacım Sakibə atasına çox bağlıydı. Atamız itkin düşəndə dedi ki, atam gəlməyincə evlənməyəcəm və evlənmədi. Bir qız övladı kimi mən atasızlığın necə bir hiss olduğunu ifadə edə bilmirəm".
Şəhid qızı atasının kənd sovetinin rəhbəri və el ağsaqqalı olduğunu, 1993-cü ildə işğal zamanı hamını kənddən təhlükəsiz çıxardıqdan sonra özünün zastavanın 70 əsgəri ilə geri çəkildiyini bildirib. O, atasının Şahin adlı yaralı əsgərə kömək etmək istəyərkən vurulduğunu və hər ikisinin nəşinin eyni yerdən tapıldığını qeyd edib. K.Kamalova ailənin digər üzvlərinin də bu yolu davam etdirdiyini vurğulayıb:
"Vətən Müharibəsində əldə edilən zəfər həsrət yanğımızın üstünə su tökdü. Mənim qardaşım özü hərbçidir, müharibədə iştirak edib və atamızın yolunu davam etdirərək qanımızı aldı. Anamın hazırda 85 yaşı var və o, atamın yolunu hamımızdan daha böyük həsrətlə gözləyirdi. İndi 'Böyük Qayıdış' gedir. Biz də Kəlbəcərə, öz doğma torpaqlarımıza qayıtmağı həsrətlə gözləyirik".




