Fridrix Merz: Almaniya ABŞ-dən "Tomahawk" raketləri alacaq
Almaniya Kansleri Fridrix Merz NATO-nun birlik və çəkindiricilik baxımından güçləndiyini bildirərək ölkəsinin ABŞ-dən "Tomahawk" qanadlı raketləri satın alacağını və bunların ölkədə yerləşdiriləcəyini deyib.
AFN.az xəbər verir ki, Merz Federal Məclisdə verdiyi açıqlamada NATO Sammitinin gözləntilərinin müsbət nəticələrlə yekunlaşdığını ifadə edərək Alyansın birlik içində, güclü və özünəəmin olduğunu vurğulayıb.
Avropa ölkələrinin müdafiədə daha çox məsuliyyət götürməsi istiqamətində ortaq iradə nümayiş etdirdiyini diqqətə çatdıran Merz Almaniyanın müdafiə xərclərini nəzərdə tutulan müddətdən əvvəl ümumi daxili məhsulun 5 faizi səviyyəsinə qaldıracağını bildirib.
Müdafiəyə ayrılan resursların zəruriliyinə dair qiymətləndirmələr aparan Merz "Azadlıq və sülh içində yaşamasaq, ən yaxşı sosial təminat sisteminin belə bir mənası olmaz" deyib.
NATO Sammiti çərçivəsində ABŞ ilə əldə olunan razılaşmaya da toxunan Merz Almaniyanın ABŞ-dən "Tomahawk" qanadlı raketləri satın alacağını və bu raketlərin ölkədə yerləşdiriləcəyini bildirərək "Bununla da müdafiəmizdəki mühüm strateji boşluğu bağlayırıq. Eyni zamanda öz Avropa sistemlərimizi təkmilləşdirmək və Avropada yerləşdirmək üçün də çalışacağıq" ifadələrini işlədib.
NATO-nun transatlantik alyans olaraq qalacağını vurğulayan Merz Avropa ölkələrinin öz təhlükəsizliklərini başqalarına həvalə edə bilməyəcəyini qeyd edərək "Öz təhlükəsizliyimizə görə birinci növbədə biz məsuliyyət daşıyırıq" deyə qeyd edib.
Merz Almaniyanın müdafiə sənayesini də gücləndirməyi hədəflədiyini diqqətə çatdıraraq, Kanadanın Almaniya və Norveç şirkətlərindən ibarət konsorsiuma 12 sualtı qayıq sifariş etməsinin ölkə tarixində müdafiə sənayesi sahəsində ən böyük beynəlxalq ixrac müqavilələrindən biri olduğunu və bunun uzun illər ərzində minlərlə insanı işlə təmin edəcəyini bildirib.
Çıxışında hökumətin iqtisadiyyat, vergi, pensiya və səhiyyə sahələrində hərtərəfli islahatlar hazırladığını da izah edən Merz Almaniyanın qarşılaşdığı təhlükəsizlik və iqtisadi problemlərin yalnız struktur islahatları ilə aradan qaldırıla biləcəyini vurğulayıb.
