Fridrix Merz Almaniyanın yeni kansleri oldu

Almaniyada Xristian Demokrat Birlik Partiyasının (CDU) lideri Fridrix Merz Bundestaqda keçirilən səsvermənin ikinci turunda baş nazir seçilib.
Bundestaqın sədri Julia Klöcknerin sədrliyi ilə toplanan plenar iclasda keçirilən gizli səsvermədə Merz ikinci tur səsvermədə iştirak edən 618 deputatdan 325-nin səsini toplayıb.
Səsvermədə 289 deputat “xeyr”, 1 deputat bitərəf qalıb, 3 səs isə etibarsız hesab edilib.
Bununla da Merz İkinci Dünya Müharibəsindən sonrakı dövrdə Almaniyanın 10-cu Baş naziri olub.
Merz bu gün keçirilən səsvermənin ilk turunda 310 deputatın dəstəyini alsa da, baş nazir seçilmək üçün lazım olan 316 səsə çata bilməmişdi.
Bundestaq tərəfindən baş nazir seçilən Merz prezident Frank-Valter Ştaynmayerdən təyinat sənədini almaq üçün Bellevue Sarayına gedəcək, daha sonra and içmək üçün Bundestaqa qayıdacaq.
Merz parlamentdə and içdikdən sonra kabinetinin yeni üzvləri ilə birlikdə Bellevue sarayına gedəcək. Yeni nazirlər təyinat sənədlərini burada prezident Ştaynmayerdən alacaqlar. Daha sonra nazirlər parlamentə qayıdacaq və and içdikdən sonra rəsmi olaraq vəzifələrinə başlayacaqlar.