Naxçıvanın gələcəyi təhlükədədir - jurnalist Sara Əzimova


Jurnalist Sara Əzimova Naxçıvandakı mövcud vəziyyət və idarəçiliklə bağlı tənqidi fikirlər səsləndirib.

AFN.az xəbər verir ki, o, sosial şəbəkə hesabında paylaşdığı statusda son iki ildə Naxçıvanda həyata keçirilən idarəçilik siyasətini sərt tənqid edib. Sara Əzimova əvvəlcə səlahiyyətli nümayəndə Ceyhun Cəlilovu müdafiə edən şəxsləri qınamadığını bildirib və qeyd edib ki, insanlar Naxçıvan üçün çalışan bir idarəçinin olduğuna inanırlar.

Daha sonra o, yazıb:

“Çox az adam bilir ki, paytaxtdan böyük bir dəstək alaraq son iki ildə idarəçilikdə daha yüksək postlara sahib olmaq naminə hansı oyunlar gedib. Ölkə rəhbərinin qəbul etdiyi Naxçıvanın sosial-iqtisadi inkişafı ilə bağlı dövlət proqramlarında nəzərdə tutulan layihələrin həyata keçirilməməsinin əsl səbəbkarı kimdir? Hamı soruşur: “Nə dəyişdi?” Dəyişən geriləmədir. Ürəkdağlayan məsələ odur ki, Vasif Talıbovun zamanında qurulanlar da dağıdılır. 2026-cı ilin ilk yarısını başa vurmuşuq. İnsanların gündəlik həyatına təsir edən hansı böyük layihə həyata keçirilib? Çünki iki il ərzində qurulan oyunlar sonda öz ayaqlarına dolaşıb. Həmin oyunların qurbanına çevrilərək həbsdə olanlar da var. Bu gün qurumlarda yersiz arayışlar, müxtəlif işçi qrupları və nəticəsiz iclaslar vəziyyəti daha da mürəkkəbləşdirib.”

Sara Əzimova bildirib ki, qarşıdakı dövrdə Naxçıvana quru yolun açılması gözlənilsə də, bölgə bu prosesə lazımi səviyyədə hazır deyil. Onun sözlərinə görə, bəzi sahibkarlar da mövcud vəziyyətə görə Naxçıvana investisiya yatırmaqda tərəddüd edirlər:

“Naxçıvana quru yol açılacak. Lakin Naxçıvan sosial-iqtisadi bazası, idarəçilik sistemi və hazırlıq səviyyəsi baxımından bu proseslərə hazır vəziyyətdə deyil. Artıq bəzi sahibkarlar Naxçıvana yatırım etməkdə tərəddüd edirlər. Bunun əsas səbəblərindən biri idarəçiliyin insanlara xidmət edən, ədalətli və şəffaf bir sistemə çevrilməsinə olan ehtiyacdır. Biz isə bəzən əsas məsələlərdən uzaqlaşıb bir-birimizə daş atmaqla məşğul oluruq. Ən böyük arzumuz budur ki, ölkə rəhbərliyinə Naxçıvan haqqında yalnız problemlər deyil, həm də uğurlu layihələr, inkişaf nümunələri və müsbət dəyişikliklər barədə daha çox məlumat çatdırılsın. Bir zamanlar bütün bölgələrə nümunə göstərilən Naxçıvanın yenidən inkişaf yoluna qayıtması hamımızın istəyidir.”




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu