Statusu silməyim üçün Sahil Babayevin ətrafındakılar ciddi cəhd göstərirdilər - Sara Əzimova
"Şərq qapısı" qəzetinin sabiq baş redaktoru, hazırda "ANZ.az" xəbər portalının təsisçisi, tanınmış jurnalist Sara Əzimova Naxçıvan Muxtar Respublikasındakı (MR) idarəçilik, mediaya təzyiqlər və korrupsiya iddiaları ilə bağlı sosial şəbəkə hesabında geniş paylaşım edib.
AFN.az xəbər verir ki, o, Naxçıvandakı mövcud vəziyyəti sərt tənqid edərək bölgənin iqtisadi, sosial və siyasi-ideoloji risklərlə üz-üzə olduğunu bildirib. İctimaiyyətdə səslənən suallara toxunan S.Əzimova sabiq Ali Məclis sədri Vasif Talıbovun dövründə iki dəfə seçkili mühüm vəzifəyə təyin olunduğunu, hazırda isə mərkəzi icra hakimiyyəti orqanına tabe qurumlardan birində şöbə müdiri vəzifəsində çalışdığını qeyd edib: "Mən bu gün də Naxçıvanda işləyirəm və yenə də yazıram. Qadın jurnalist kimi təzyiqləri dəfələrlə yaşamışam. Amma inanıram ki, vaxt gələcək, Naxçıvanın gələcəyi ilə bağlı etdiyim xəbərdarlıqların səbəbi daha aydın görünəcək".
Təsisçi Naxçıvan MR-nın Səlahiyyətli Nümayəndəsi, Baş nazir Ceyhun Cəlilovla bağlı tənqidi mövqeyinin yeni olmadığını vurğulayıb. O, hələ 2024-cü ilin aprelində "Şərq qapısı" qəzetinə rəhbərlik etdiyi dövrdə C.Cəlilovun mediaya təzyiqləri barədə yazdığını və statusunun silinməsi üçün əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevin ətrafındakı bəzi şəxslərin ciddi cəhdlər göstərdiyini iddia edib. S.Əzimova həmin ərəfədə lazımi sənədlər tam yoxlanılmadan Ceyhun Cəlilovun Naxçıvanın Baş naziri vəzifəsinə təyin olunması prosesinin aparıldığını və bu cür tənqidi yazıların həmin planları poza biləcəyi üçün təşviş yarandığını irəli sürüb. Yaranan təzyiqlərdən sonra Ali Məclis sədrinin müavini Anar İbrahimova rəsmi ərizə ilə müraciət etmək istəsə də, sonuncunun təkidi ilə bu fikrindən daşındırıldığını bildirib.
Ceyhun Cəlilov Baş nazir təyin olunduqdan sonra parlament sessiyalarının birində bir deputatın onun fəaliyyətini tənqid etməsinin redaksiyada gərginlik yaratdığını deyən jurnalist, yuxarı dairələrdən eyni vaxtda "dərc edin" və "silin" şəklində ziddiyyətli tapşırıqlar gəldiyini vurğulayıb. S.Əzimova C.Cəlilovun dövlətin etimadını doğrultmaq əvəzinə ondan tərif dolu yazılar gözlədiyini, hazırda onun yerinə təyin olunan şəxsin isə Baş nazirin yaxın dostu olduğunu iddia edib.
Tenderlər və şirkətlərlə bağlı ağır ittihamlar
Sara Əzimova paylaşımında tender prosesləri ilə bağlı da şok iddialar səsləndirib: "Hörmətli səlahiyyətli nümayəndə Ceyhun müəllim, Naxçıvan şəxsi biznes meydanı və ya karyera tramplini deyil. Axşam saatlarınadək işıqları sönməyən otaqlarınızda müxtəlif şəxslərin adına yaradılmış şirkətlərin tenderlərdə iştirakı, dövlət vəsaitinin hansı yollarla mənimsənilməsi və bütün bunların necə ört-basdır ediləcəyi müzakirə olunurdu. Həmin müzakirələrdə iştirak edən şəxslərin üç aydan bir telefon nömrələrini dəyişməsi də təsadüfi görünmür. Əgər yazdıqlarım həqiqəti əks etdirmirsə, hüquq-mühafizə orqanlarına rəsmi müraciət edin. Gün üzünə çıxmamış faktlar və sənədlər insanı dəhşətə gətirir".
"Kəndlər boşalır, gənclər işsizdir"
Naxçıvandakı sosial vəziyyətə də toxunan S.Əzimova rəhbərliyin xalqdan uzaq düşdüyünü, şou xarakterli vətəndaş qəbulları ilə real problemləri öyrənməyin qeyri-mümkün olduğunu bildirib. O, minlərlə gəncin işsizlikdən əziyyət çəkdiyini, kəndlərin boşaldığını və kənd təsərrüfatının tənəzzül etdiyini qeyd edib. Yazısının sonunda ölkə başçısına inamını ifadə edən jurnalist, postskriptumda bütün paylaşımlarını hər hansı inzibati bəhanəyə imkan verməmək üçün yalnız qeyri-iş saatlarında və şəxsi internet bağlantısından istifadə etməklə yazdığını əlavə edib.
Yazıda qeyd edilənlərlə bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.


