ABŞ Gizli Xidmətinin bəzi təhlükəsizlik siyasətlərini illərdir yeniləmədiyi məlum olub
ABŞ-da Prezident Donald Trampa qarşı 2024-cü ildə baş verən sui-qəsd cəhdi də daxil olmaqla bir sıra təhlükəsizlik hadisələrinə baxmayaraq, Gizli Xidmətin təhlükəsizlik siyasətlərini uzun illər ərzində yeniləmədiyi ortaya çıxıb.
AFN.az xəbər verir ki, ABŞ Hökumət Hesabatlılığı Ofisinin yayımladığı hesabatda Gizli Xidmətin ABŞ prezidentini və xaricə səfər edən digər rəsmiləri qorumaq üçün tətbiq etdiyi protokolları 1991-ci ildən bəri dəyişdirmədiyi bildirilib.
Son olaraq Trampın Türkiyədə keçirilən NATO sammitindən qayıdarkən təhlükəsizlik səbəbilə təyyarəsini dəyişmək məcburiyyətində qalmasından sonra məsələ daha geniş araşdırılıb. ABŞ Konqresində aparılan istintaq zamanı Gizli Xidmətin zəruri yenilikləri həyata keçirmədiyi və PUA-lara qarşı illər ərzində köhnə üsullarla mübarizə apardığı müəyyən edilib.
ABŞ mediası Konqresin nəzarət qurumunun əldə etdiyi nəticələrin mühafizə qruplarının Trampa qarşı sui-qəsd cəhdlərini necə idarə etməsi və Air Force One təyyarəsinin mümkün təhdidlərə qarşı çaşdırma məqsədilə istifadəsi ilə bağlı araşdırmaların davam etdiyi bir vaxtda gündəmə gəldiyinə diqqət çəkib.
Hesabatda 2015-2025-ci illər arasında Gizli Xidmətin adi mühafizə fəaliyyətlərini pozan 83 hadisənin araşdırıldığı və bunlardan 25-dən sonra ortaya çıxan tələblər doğrultusunda siyasətlərin yeniləndiyi bildirilib.
Hesabatda qeyd olunub: “Əksər hallarda Gizli Xidmət təhlükəsizlik hadisələrindən sonra mühafizə siyasətlərini yeniləməyib və Gizli Xidmətin siyasəti əməkdaşlarından belə hallarda mövcud vəziyyəti qoruma səbəblərini sənədləşdirməyi tələb etmir. Nəticədə Gizli Xidmət mühafizə siyasətlərinin yenilənməsi ilə bağlı qərar qəbul edərkən tam məlumata malik olmur.”
Bundan əlavə, hesabata görə Gizli Xidmət yeni prosedurların dərc edilməsindən sonra dörd il ərzində nəzərdən keçirilməsini nəzərdə tutan öz siyasətini də tətbiq etməyib.
Ötən həftə Hesabatlılıq Ofisi qurumun sözçüsünü və digər iki vəzifəlini vəzifədən sui-istifadə araşdırması çərçivəsində inzibati məzuniyyətə göndərmişdi.
