MKİ Kubaya qarşı əməliyyatları genişləndirmək üçün gizli işçi qrupu yaradıb



ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) Kubaya qarşı təzyiqləri artırmaq və adaya yönəlmiş kəşfiyyat əməliyyatlarını genişləndirmək məqsədilə gizli şəkildə "Kuba işçi qrupu" yaratdığı iddia olunub.

AFN.az-ın The New York Times qəzetinə istinadən verdiyi məlumata görə, ABŞ Prezidenti Donald Tramp administrasiyası Karib hövzəsində yerləşən Kuba üzərində siyasi və iqtisadi təzyiqləri gücləndirməyi planlaşdırır.

Qəzetin iddiasına əsasən, MKİ Havana rəhbərliyinə qarşı təzyiqi artırmaq və Kubaya yönəlmiş kəşfiyyat fəaliyyətlərini genişləndirmək üçün gizli şəkildə xüsusi işçi qrupu formalaşdırıb.

Məlumata görə, yeni yaradılan struktur Tramp administrasiyasının adada iqtisadi, siyasi və rəhbərlik səviyyəsində dəyişikliklərə nail olmaq istiqamətində həyata keçirdiyi siyasətin bir hissəsidir. Bu qrupun MKİ-nin Kubaya daha çox maliyyə, insan resursu və texniki imkan yönəltməsinə şərait yaradacağı bildirilir.

İddia olunur ki, MKİ bu mexanizm vasitəsilə ABŞ əleyhinə mövqe tutduğu hesab edilən rəsmilərin əvəzində Tramp administrasiyasının siyasətinə daha yaxın liderlərin hakimiyyətə gəlməsini təşviq etməyə çalışacaq.

Xatırladaq ki, Kuba xarici işlər naziri Bruno Rodriges iyulun 7-də verdiyi açıqlamada ABŞ-ın ölkəsinə qarşı tətbiq etdiyi embarqonu müharibə aktı adlandıraraq bunun Kuba xalqını səssiz şəkildə boğaraq məhv etdiyini bildirmişdi.

ABŞ dövlət katibi Marko Rubio isə iyulun 23-də mətbuata açıqlamasında bildirib ki, Kuba üçün dəyişiklik çətin olacaq, lakin daha yaxşı gələcək naminə bu addım atılmalıdır. O, Kuba rəhbərliyinin iflasa uğramış ideologiyaya söykəndiyini və ölkəni məhvə sürüklədiyini iddia edib.

Bundan əvvəl ABŞ mətbuatında Pentaqonun Yaxın Şərqdə İranla gərginliyin davam etdiyi bir vaxtda Karib hövzəsində yerləşən Kubaya münasibətdə mümkün hərəkət planlarını səssiz şəkildə yenidən nəzərdən keçirdiyi barədə də məlumatlar yayılmışdı.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu