Kuba: Sanksiyalar səbəbindən 7 mindən çox yük konteyneri saxlanılıb
Kuba hökuməti ABŞ-ın tətbiq etdiyi iqtisadi embarqo səbəbindən ölkəyə göndərilməsi planlaşdırılan ticari yükləri daşıyan 7 mindən çox konteynerin beynəlxalq limanlarda saxlanıldığını və ya daşınmasının gecikdirildiyini açıqlayıb.
AFN.az xəbər verir ki, Kubanın Baş nazirinin müavini Perez-Oliva paytaxt Havana şəhərində keçirilən Milli Xalq Hakimiyyəti Assambleyasının iclasında çıxış edərək ABŞ-ın Kubaya qarşı tətbiq etdiyi sanksiyaları tənqid edib.
Perez-Oliva bildirib ki, beynəlxalq ticarət qaydalarına uyğun şəkildə qanuni yollarla alınmış, ərzaq, enerji və su sektorları üçün nəzərdə tutulan məhsulları, eləcə də dərman vasitələrini daşıyan 7 mindən çox konteyner Karib hövzəsindəki limanlarda saxlanılıb.
Onun sözlərinə görə, ABŞ bu ilin əvvəlindən etibarən Kubaya qarşı təzyiqləri daha da gücləndirib.
"Ölkəmizə qarşı tətbiq edilən enerji blokadası kifayət etmirmiş kimi, bütün Kuba xalqına qarşı kollektiv cəzalandırma siyasəti və davamlı artan təzyiqlər bunun bariz sübutudur." – deyə Perez-Oliva vurğulayıb.
Kubanın xarici işlər naziri Bruno Rodriguez də iyulun 7-də verdiyi açıqlamada ABŞ-ın Kubaya qarşı tətbiq etdiyi blokadanı müharibə aktı adlandıraraq bunun Kuba xalqını səssiz şəkildə boğduğunu bildirmişdi.
Son altı ildə dərin iqtisadi böhran yaşayan Kubada elektrik enerjisi kəsintiləri və əsas istehlak mallarının qıtlığı davam edir. İstehsalın azalması, yüksək inflyasiya və milli valyuta olan pesonun dəyər itirməsi ölkənin iqtisadi problemlərini daha da ağırlaşdırır.
Mütəxəssislər Kubada iqtisadiyyatın 2026-cı ildə 7,2 faiz kiçiləcəyini proqnozlaşdırırlar.
