Nepalda tuneldə 9 gün qalan 2 işçi xilas edildi
Nepalın Çin sərhədinə yaxın Rasuva bölgəsi və ətrafında baş verən seldən sonra hidroelektrik tunelində qalan 2 işçi 9 gün sonra xilas edilib.
AFN.az xəbər verir ki, nepallı deputat Şri Ram Neupane sosial media hesabından seldən zərər çəkən ərazidə yerləşən hidroelektrik tunelindəki axtarış-xilasetmə işləri ilə bağlı məlumat paylaşıb.
Neupane tuneldə avqustun 26-dan etibarən qalan 2 işçinin xilas edildiyini açıqlayıb.
Yerli mətbuatda yayılan xəbərlərdə işçilərin xəstəxanada müşahidə altında saxlanıldığı bildirilib.
Nepalın Rabitə naziri Bikram Timilsina rəsmilərin tuneldən daha çox işçinin xilas ediləcəyinə inandığını bildirib.
Müstəqil Elektrik İstehsalçıları Birliyinin məlumatına görə, işçilərin xilas edildiyi Trişuli 3A Hidroelektrik Layihəsi çərçivəsində inşa edilən tuneldə 115 işçinin qaldığı ehtimal edilir.
Nepalın Rasuva bölgəsində avqustun 26-da baş verən sel səbəbilə onlarla körpünün dağıldığı, yolların zərər gördüyü və axtarış-xilasetmə işləri üçün helikopterlərin göndərildiyi bildirilmişdi.
Seldə indiyədək 1 254 nəfər həyatını itirib, itkin düşən 4 mindən çox şəxsin axtarış-xilasetmə işləri davam edir.
Sel baş verməzdən əvvəl bölgədə ilk olaraq zəlzələ qeydə alındığını açıqlayan ABŞ Geoloji Araşdırmalar Mərkəzi məlumatlarını yeniləyərək 5,2 maqnitudalı seysmik hərəkətin mənbəyinin buzlaq çökməsi olduğunu açıqlayıb.
Mərkəzi Katmanduda yerləşən Beynəlxalq Dağlıq İnkişaf Mərkəzində çalışan ekspertlər selin bölgədəki dağlıq ərazidən qopan buzlaq parçalarının səbəb olduğu uçqun nəticəsində baş verdiyini bildiriblər.


