Xavyer Mileydən Folklend adalarında nefti istismar edənlərə sanksiya sözü
Argentina Prezidenti Xavyer Miley Malvinas (Folklend) adalarında nefti istismar edənlərə qarşı sanksiyaların sərtləşdiriləcəyinə söz verib.
AFN.az xəbər verir ki, televiziya yayımında xalqa müraciət edən Milei Malvinas adalarında icazəsiz dənizdə neft hasilatı fəaliyyətlərinin qarşısını almaq məqsədilə bir sıra sərt inzibati və qanunvericilik tədbirlərini açıqlayıb.
Milei bu ehtiyatlardan daha çox neft hasil edilməsinin milli təhlükəsizliyə birbaşa təhdid yaratdığını bildirərək bölgədəki nefti “istismar edənlərə” qarşı sanksiyaların sərtləşdiriləcəyinə söz verib.
Adaların tarixi və hüquqi baxımdan Argentinaya məxsus olduğunu müdafiə edən Milei adalıların öz müqəddəratını təyinetmə hüququna malik olmadıqlarını bildirib.
Milei İngiltərənin Rockhopper Exploration şirkəti və İsraildə yerləşən Navitas Petroleum tərəfindən Şimali Malvinas hövzəsində həyata keçirilən Sea Lion Neft Layihəsini təcili təhlükə kimi qiymətləndirərək, “Bu gün qətiyyətli və sürətli şəkildə hərəkətə keçməsək, bir neçə ay ərzində dənizimizin altında yerləşən neft ehtiyatlarını ələ keçirmək imkanına sahib olacaqlar”, - deyib.
Milei həmçinin Argentinanın kontinental şelfində icazəsiz karbohidrogen fəaliyyəti göstərən qurumlara qarşı sanksiya prosedurlarını sürətləndirən prezident fərmanı imzalayıb.
Bu fərmana əsasən hökumət sözügedən şirkətlərin, onların səhmdarlarının, rəhbərlərinin və kommersiya təchizatçılarının Argentina materikində fəaliyyət göstərməsini qadağan edəcək.
Qeyd edək ki, Folklend adalarının suverenlik statusu uzun illərdir İngiltərə ilə Argentina arasında mübahisə mövzusudur.
İngiltərənin 1833-cü ildə suverenliyini elan etdiyi 12 min kvadratkilometr ərazisi olan Folklend adaları Argentinanın cənubunda, Atlantik okeanında yerləşir. İngiltərənin dənizaşırı ərazisi olan adalar müdafiə və xarici siyasət məsələlərində İngiltərədən asılıdır.
Argentina İspaniyadan müstəqillik qazandıqdan sonra “Malvinas” adlandırdığı Folklend adalarının dolayısı ilə özünə miras qaldığını müdafiə edir.
2 aprel 1982-ci ildə tarixə “Folklend müharibəsi” kimi düşən və 6 həftə davam edən, tərəflərin qarşılıqlı itkilər verdiyi müharibədən ingilislər qalib ayrılıb.
Argentina və İngiltərənin suverenlik məsələsində uzun illərdir mübahisə yaşadığı Folklend adalarında 2013-cü ildə referendum keçirilib.
Təxminən 2 500 nəfərin yaşadığı adalarda “İngiltərənin dənizaşırı ərazisi kimi qalmaq istəyirsinizmi?” sualına əhalinin 99,8 faizi “Bəli” cavabını verib.


