ABŞ İrana qarşı yeni sanksiyalar elan edib
ABŞ administrasiyası İranın Hörmüz boğazından gəlir əldə etməsinə şərait yaratdığı bildirilən iki şirkəti, həmçinin İranın xam nefti və neft-kimya məhsullarının daşınmasında iştirak etdiyi iddia olunan 8 gəmi və onlarla əlaqəli 8 şirkəti sanksiyalar siyahısına daxil edib.
AFN.az xəbər verir ki, ABŞ Maliyyə Nazirliyinin yaydığı açıqlamada İranın Hörmüz boğazı üzərindən gəlir əldə etmək cəhdlərinə qarşı yeni tədbirlərin görüldüyü bildirilib.
Açıqlamaya əsasən, İran İnqilab Keşikçiləri Korpusunun dəstəklədiyi iddia edilən şantaj mexanizminin tərkib hissəsi kimi göstərilən Persian Gulf Marine Insurance Company və HormuzSafe Marine Services Authority adlı iki şirkət sanksiyalar siyahısına əlavə olunub.
ABŞ Maliyyə Nazirliyi iddia edir ki, bu mexanizm ticarət gəmilərini Hörmüz boğazından keçmək üçün məcburi dəniz sığortası almağa vadar edir və bu yolla İran dəniz daşımalarından gəlir əldə edir.
Bununla yanaşı, İranın enerji ixracına təzyiqi artırmaq məqsədilə İranın xam nefti və neft-kimya məhsullarını daşıyan 8 gəmi də sanksiya siyahısına daxil edilib. Həmin gəmilərin sahibi və ya operatoru olan Çin, Honkonq və Marşal adalarında qeydiyyatdan keçmiş 8 şirkətə qarşı da məhdudiyyətlər tətbiq olunub.
Açıqlamada qeyd edilir ki, sanksiyaya məruz qalan gəmilərdən bəziləri Marşal adaları, Mozambik, Barbados və Vanuatu bayraqları altında üzür. Gəmilərdən birinin isə hansı ölkənin bayrağı altında fəaliyyət göstərdiyi məlum deyil.

