Şimali Koreya ilə Rusiyanı birləşdirən ilk avtomobil körpüsü açıldı
Şimali Koreya ilə Rusiya arasında ikitərəfli əməkdaşlığın genişləndirilməsi məqsədilə sərhəddəki Tumen çayı üzərində iki ölkəni birləşdirən ilk avtomobil körpüsünün açılışı olub.
AFN.az xəbər verir ki, Yonhap agentliyinin Koreya Mərkəzi Xəbər Agentliyinə (KCNA) istinadən yaydığı xəbərə görə, Şimali Koreyanın sərhəd bölgəsi Rason ilə Rusiyanın sərhəd bölgəsi Xasanı birləşdirən körpü sərhədin hər iki tərəfində keçirilən mərasimlə eyni vaxtda açılıb.
İki ölkədən yüksək vəzifəli şəxslərin iştirak etdiyi mərasimə Şimali Koreyanın Baş naziri Pak Thae-song və Rusiyanın Baş naziri Mixail Mişustin videobağlantı vasitəsilə qatılıblar.
Çıxışında Mişustin “Sərhəd yaxınlığındakı nəqliyyat infrastrukturunun genişləndirilməsinin Rusiya ilə Şimali Koreya arasında ticarət, iqtisadiyyat və texnologiya sahələrində əməkdaşlığın inkişafına güclü təkan verəcəyinə inanıram” deyib.
Mişustin gündə 300-ə qədər nəqliyyat vasitəsinin keçə biləcəyi körpünün Rusiyanın federal avtomobil yolu şəbəkəsinə bağlanacağını bildirib.
Pak da çıxışında körpünün iki ölkə arasındakı əməkdaşlığı möhkəmləndirəcəyini və hər iki ölkə xalqlarının ümid və arzularını qarşılayacağını qeyd edib.
Mərasimdə iki zolaqlı və 1 kilometr uzunluğundakı körpünün açılışı həyata keçirilib, iki ölkənin bayraqlarını daşıyan yük maşınları da körpüdən keçib.
Rusiya ilə Şimali Koreya arasında artıq birbaşa hava və dəmir yolu əlaqələri mövcud olduğu halda, yeni körpü iki ölkəni bir-birinə bağlayan ilk avtomobil körpüsü kimi simvolik əhəmiyyət daşıyır.
“Tumen çayı körpüsü” Şimali Koreyanın şimal-şərq sərhəd bölgəsi Rason ilə Rusiyanın Uzaq Şərqindəki Xasan bölgəsini birləşdirir.
Sol sahilində Çin və Rusiyanın, sağ sahilində isə Şimali Koreyanın yerləşdiyi, uzunluğu 500 kilometrdən çox olan Tumen çayı Yapon dənizinə (Şərq dənizi) tökülür.
Şimali Koreya-Rusiya sərhədinin uzunluğu 17 kilometr, Şimali Koreya-Çin sərhədinin uzunluğu isə təxminən 1350 kilometr təşkil edir.

