İsveç seçki öncəsi miqrantlara ölkəni tərk etmələri üçün pul təklif edir
İsveçdə sağ koalisiya hökuməti qarşıdan gələn seçkilər öncəsi Avropa İttifaqından kənar ölkələrdən gələn miqrantlara ölkəni tərk etmələri şərti ilə 37 min dollara qədər pul təklif etməyə başlayıb.
AFN.az xəbər verir ki, bir vaxtlar sığınacaq axtaranlara qarşı açıq qapı siyasəti ilə tanınan İsveç son illərdə sərhədlərini bağlayaraq qitənin ən sərt miqrasiya rejimlərindən birinə yönəlib.
Miqrasiyanı və cinayət səviyyəsini azaltmaq vədi ilə hakimiyyətə gələn sağ koalisiya hökuməti parlamentdən kənarda ona dəstək verən ifrat sağçı İsveç Demokratlarının təzyiqi ilə geri qayıdış təşviqini qüvvəyə mindirib.
Təxminən 1,3 milyard kron büdcə ilə hazırlanan və internet saytlarında bir neçə dildə təqdim edilən proqram 13 sentyabr ümumi seçkiləri yaxınlaşarkən koalisiyanın ən mühüm təbliğat vasitələrindən birinə çevrilib.
İsveçin tətbiqi 2015-ci il sığınacaq böhranından bəri millətçi partiyaların seçici bazasını genişləndirdiyi qitə üzrə diqqətlə izlənilir.
Almaniya üçün Alternativ (AfD) kimi sağçı partiyaların nümayəndələri sosial və maliyyə yükünü əsas gətirərək geri qayıdış təşviqlərinin digər ölkələrdə də qarşılıq tapacağını müdafiə edirlər.
Miqrasiya üzrə araşdırmaçılar isə bu addımların kütləvi qayıdış yaratmaqdan uzaq olduğunu, seçiciyə sərt mövqe nümayiş etdirmək məqsədilə həyata keçirilən simvolik addımlar xarakteri daşıdığını bildirirlər.
Yüksək məbləğdə maliyyə təklifinə baxmayaraq ilin əvvəlindən etibarən proqrama müraciət edənlərin sayı 200-ə çatmayıb. İfrat sağçı qanad yardımın İsveç vətəndaşlığına keçmiş şəxsləri də əhatə edəcək şəkildə genişləndirilməsini tələb edərkən, müxalifət və insan haqları təşkilatları tətbiqi cəmiyyəti qütbləşdirən təhlükəli populizm kimi qiymətləndirirlər.
Paytaxt Stokholmun şəhərətrafı ərazilərində yaşayan müxtəlif mənşəli sığınacaq axtaranlar isə geri qayıtmağı düşünmədiklərini, təzyiqlərdən uzaq və təhlükəsiz həyat qurduqlarını bildirirlər.
İsveç hökuməti pul təşviqi ilə yanaşı hüquqi məhdudiyyətləri də davam etdirir. Daimi yaşayış icazələrinin ləğv edilməsi və müddətli icazələrin hər üç ildən bir yenidən qiymətləndirilməsi kimi tədbirlər miqrantların ölkədəki hüquqi əsaslarını getdikcə daraldır.
