ABŞ-dan vətəndaşlarına "İranı dərhal tərk edin" çağırışı
ABŞ İranda davam edən təhlükəsizlik risklərini əsas gətirərək, bu ölkədə olan vətəndaşlarına növbəti dəfə "ölkəni dərhal tərk etmək" çağırışı edib.
ABŞ-ın Tehrandakı Virtual Səfirliyi tərəfindən yayımlanan təhlükəsizlik xəbərdarlığında ABŞ vətəndaşlarından Vaşinqton rəhbərliyinin yardımına ehtiyac duymadan İrandan çıxış planı hazırlamaları istənilib.
Açıqlamada İranda təhlükəsizlik tədbirlərinin gücləndirildiyi, yolların bağlandığı, ictimai nəqliyyatın işində fasilələrin yarandığı və internetə çıxışın məhdudlaşdırılmasının davam etdiyi vurğulanıb. Bildirilib ki, İran hakimiyyəti mobil, stasionar rabitə və milli internet şəbəkələrinə çıxışı məhdudlaşdıramağa davam edir, həmçinin aviaşirkətlər İrana və İrandan digər bölgələrə olan uçuşları təxirə salır və ya ləğv edir.
Əsas tövsiyələr və alternativ yollar
Müstəqil plan: "İranı dərhal tərk edin. Ölkədən ayrılmaq üçün ABŞ hökumətinin yardımından asılı olmayan bir plan qurun" – deyə xəbərdarlıqda qeyd olunub.
Sığınacaq və ehtiyat: İrandan ayrıla bilməyən vətəndaşların yaşadıqları mənzildə və ya təhlükəsiz bir binada sığınacaq xarakterli yer müəyyən etmələri, kifayət qədər qida, su, dərman və digər zəruri tələbat malları tədarük etmələri tövsiyə edilib.
Quru yolu: Vətəndaşlara alternativ rabitə vasitələri planlaşdırmaq və təhlükəsiz olduğu təqdirdə İrandan quru yolu ilə Türkiyə və ya Ermənistana keçmək təklif olunub.
Siyasi kontekst
Ağ Evin sözçüsü Karolin Livitt bildirib ki, ABŞ Prezidenti Donald Tramp İran məsələsində diplomatiyanı ilk seçim kimi görür, lakin diplomatiyadan kənar da bir çox variantın olduğunu vurğulayıb.
Xatırladaq ki, ABŞ yanvarın 13-də də ölkədə davam edən etiraz aksiyalarını və təhlükəsizlik risklərini əsas gətirərək vətəndaşlarını İranı dərhal tərk etməyə çağırmışdı.


