Əlcəzair BƏƏ ilə diplomatik əlaqələri kəsdi: səfirə 48 saat vaxt verildi
Əlcəzair Birləşmiş Ərəb Əmirlikləri ilə diplomatik münasibətlərə son qoymaq qərarına gəlib.
AFN.az xəbər verir ki, Əlcəzair Xarici İşlər Nazirliyi iki ölkə arasında münasibətlərin davam etdirilməsi üçün bütün imkanların tükəndiyini açıqlayıb.
Qərarla bağlı nazirliyin bəyanatı ölkənin rəsmi xəbər agentliyi APS-də yayımlanıb. Bildirilib ki, Əlcəzair BƏƏ-nin artan təxribatçı və düşmənçilik xarakterli hərəkətləri qarşısında uzun müddət təmkin nümayiş etdirib və münasibətlərin qorunması üçün müxtəlif diplomatik kanallardan istifadə edib.
Bəyanatda qeyd olunub ki, Əlcəzair tərəfi dövlətlərarası münasibətləri tənzimləyən prinsiplərə hörmət çərçivəsində BƏƏ-yə dəfələrlə xəbərdarlıq edib və bu addımların mümkün ağır nəticələrinə diqqət çəkib.
Rəsmi Əlcəzairin mövqeyinə görə, bütün xəbərdarlıqlara baxmayaraq, BƏƏ sözügedən fəaliyyətlərini davam etdirib. Əlcəzair Xarici İşlər Nazirliyi bu davranışların iki suveren dövlət arasındakı münasibətlər çərçivəsində artıq qəbul edilə və cavabsız saxlanıla biləcək həddi keçdiyini bildirib.
Nəticədə Əlcəzair hökuməti BƏƏ ilə diplomatik əlaqələrin dayandırılması barədə qərar qəbul edib. Qərarın rəsmən bildirilməsi üçün BƏƏ-nin Əlcəzairdəki səfiri Xarici İşlər Nazirliyinə çağırılıb.
Səfirə ölkəni tərk etməsi üçün 48 saat vaxt verildiyi açıqlanıb.
Qeyd edək ki, iki ölkə arasında münasibətlərdə gərginlik bundan əvvəl də özünü göstərib. Əlcəzair 2026-cı ilin fevralında BƏƏ ilə 2013-cü ildə imzalanmış hava xidmətləri haqqında sazişin ləğvi üçün rəsmi prosedurlara başladığını açıqlamışdı.
