Şimali Koreya: Nüvə statusumuz heç bir halda geri qaytarıla bilməz
Şimali Koreya rəhbərliyi güzəştsiz nüvə statusuna sahib olduğunu və bu statusun heç bir halda geri qaytarıla bilməyəcəyini bildirib.
AFN.az xəbər verir ki, Şimali Koreya Xarici İşlər nazirinin müavini Kim Son-qyonq ABŞ-ın Nyu-York şəhərində keçirilən Birləşmiş Millətlər Təşkilatının (BMT) 81-ci Baş Assambleyasında çıxış edib.
Beynəlxalq münasibətlərdə çoxqütblülüyün dövrün qarşısıalınmaz meyli olduğunu vurğulayan Kim bildirib ki, tək bir üzv dövlətin iradəsini dünyanın qalan hissəsinə birtərəfli şəkildə qəbul etdirdiyi və beynəlxalq siyasət səhnəsinə hökm etdiyi günlər geridə qalıb.
Kim Şimali Koreyanın güzəştsiz nüvə statusuna sahib olduğunu və bu statusun heç bir halda geri qaytarıla bilməyəcəyini müdafiə edib.
Tokio hökumətinin əks-hücum qabiliyyəti adı altında qonşu ölkələrə qarşı uzunmənzilli hücum silahlarının hazırlanması və tədarükü də daxil olmaqla bəzi addımlar atdığını bildirən Kim deyib ki, bu cür hərəkətlər bütün regionun üzərində müharibə buludlarının dolaşmasına səbəb olur.
Kim Yaponiyanın yenidən silahlanma təşəbbüsləri sayəsində mövcud qeyri-sabit beynəlxalq mühitdən faydalandığını qeyd edib və ABŞ, Yaponiya və Cənubi Koreyanın son dövrlərdə regionda keçirdiyi birgə təlimləri pisləyib.
Kim ABŞ-Yaponiya-Cənubi Koreya hərbi ittifaqının daha təcavüzkar hərbi bloka çevrildiyini bildirib, ABŞ və İsrailin bu il İrana qarşı həyata keçirdiyi hücumları isə dövlət dəstəkli terrorizm adlandırıb.
