Şimali Koreya Nüvə Silahlarının Yayılmaması Müqaviləsinə tərəf olmadığını bəyan edib
Şimali Koreyanın Birləşmiş Millətlər Təşkilatındakı (BMT) daimi nümayəndəsi Kim Sonq ölkəsinin Nüvə Silahlarının Yayılmaması Müqaviləsinə (NPT) tərəf olmadığını bildirib.
AFN.az xəbər verir ki, Şimali Koreya Mərkəzi Xəbər Agentliyinin (KCNA) məlumatına görə, Kim Sonq ABŞ-ın Nyu-York şəhərindəki BMT qərargahında keçirilən "Nüvə Silahlarının Yayılmaması Müqaviləsinin (NPT) Tərəf Dövlətlərinin 11-ci Baxış Konfransı" ilə bağlı bəyanatla çıxış edib.
Diplomat ABŞ və bəzi müttəfiq ölkələrin Şimali Koreyanın mövcud statusunu və suveren hüquqlarını əsassız ittihamlarla şübhə altına aldığını iddia edib. "Şimali Koreyanın nüvə silahına malik dövlət statusu kənardan gələn ritorika və ya birtərəfli tələblərlə dəyişdirilə bilməz," — deyən Kim Sonq ölkəsinin nüvə silahlarının yayılmamasına dair beynəlxalq sazişdə iştirak etmədiyini xüsusi vurğulayıb.
Xatırladaq ki, hazırda dünyada NPT-yə tərəf olmayan dörd ölkə var. İsrail, Hindistan və Pakistan bu müqaviləyə heç vaxt qoşulmayıb. Şimali Koreya isə 1985-ci ildə sazişə üzv olsa da, 2003-cü ildə birtərəfli qaydada ondan çıxdığını elan edib.
NPT-dən çəkildikdən sonra ağır beynəlxalq sanksiyalara məruz qalan rəsmi Pxenyanın nüvə arsenalına malik olduğu dünya birliyi tərəfindən qəbul edilir.

