Şimali Kore nüvə silahlarından imtina etməyəcəyini açıqladı
Şimali Koreya nüvə silahlarını uzunmüddətli perspektivdə qoruyacağını bildirib.
AFN.az xəbər verir ki, Şimali Koreyanın xarici işlər naziri Çoe Son Hi Koreya yarımadasının nüvə silahlarından azad edilməsi ilə bağlı çağırışları rədd edərək ölkəsinin nüvə arsenalını bütün dövrlərdə qoruyacağını açıqlayıb.
Şimali Koreyanın rəsmi Koreya Mərkəzi Xəbər Agentliyinin məlumatına görə, Çoe ABŞ, Yaponiya və Cənubi Koreya arasında Nyu-Yorkda keçirilən üçtərəfli görüşləri tənqid edib.
Üç ölkənin Şimali Koreyanın tam nüvəsizləşdirilməsi ilə bağlı mövqeyinə toxunan Çoe ölkəsinin nüvə silahlarını geri dönməz şəkildə və dəyişməz formada qorumaq iradəsini bir daha təsdiqləyib.
Çoe bəzi ölkələr üçün qarşıdurma və dialoqun yanaşı mövcudluğunun mümkün ola biləcəyini, lakin bunun Şimali Koreyaya aid olmadığını bildirib.
Nyu-Yorkda bir araya gələn ABŞ, Yaponiya və Cənubi Koreyanın xarici işlər nazirləri isə Şimali Koreyanın tam nüvəsizləşdirilməsi ilə bağlı öhdəliklərini bir daha təsdiqləyiblər.
Şimali Koreya sentyabrın 22-də təkmilləşdirilmiş 240 millimetrlik çoxlüləli reaktiv yaylım atəş sistemi üçün döyüş sursatının sınağını keçirdiyini açıqlayıb.
KCNA-nın məlumatına görə, avtonom dəqiq tuşlama sistemi ilə təchiz edilən raketlər trayektoriya uçuş rejimində 100 kilometr, kombinə edilmiş süzülmə rejimində isə 115 kilometr məsafədəki hədəfləri vura bilir.

