ABŞ ordusu İraqdan çıxışını başa çatdırdı
ABŞ ordusu İraqdan çıxarılma prosesini başa çatdırdığını açıqlayıb.
AFN.az xəbər verir ki, ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) sözçüsü Şon Parnell çıxarılma prosesinə dair açıqlama yayıb.
Parnell ABŞ ilə İraq arasında 2024-cü ilin sentyabrında verilən birgə açıqlama və ABŞ-nin milli maraqları çərçivəsində ABŞ və koalisiya qüvvələrinin İraqdan çıxarılma prosesini başa çatdırdığını bildirib.
Parnell Pentaqonun İraqa təlim və kəşfiyyat dəstəyi verməyə davam edəcəyinə işarə edərək, “İraqın suverenliyinə və regional sabitliyə xələl gətirən DEAŞ qalıqları və İrana meyilli milislər də daxil olmaqla, İraqın hələ də üzləşdiyi təhlükəsizlik problemlərinin həllinə görə əsas məsuliyyət artıq İraq hökumətinə aiddir” ifadəsini işlədib.
ABŞ-ın terrorla mübarizəyə sadiqliyini davam etdirdiyini vurğulayan Parnell “ABŞ sərhədlərini qoruyan, xalqını müdafiə edən və iki ölkə arasında daha dərin ticarət, diplomatik və təhlükəsizlik əməkdaşlığının əsasını təşkil edən güclü və suveren İraqı dəstəkləyir” mesajını verib.
Səddam Hüseyn rejimini devirmək üçün 2003-cü ilin martında İraqa daxil olan ABŞ-ın bu ölkədə məlum olan 9 hərbi bazası var idi. ABŞ 2011-ci ildə İraqdan çəkilsə də, buradakı mövcudluğunu sözügedən hərbi bazalarla gücləndirib.



