Fərid Şəfiyev: “Azərbaycana qarşı kampaniyaların yenidən aktivləşməsi təsadüfi deyil”




“Azərbaycanın sürətli inkişafı müəyyən dairələri ciddi şəkildə narahat edir”



Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyevin müsahibəsini təqdim edirk:

– Rəhbəri olduğunuz qurum yarım ildən artıqdır ki, fəaliyyətə başlayıb. Bildiyimizə görə, qurumun maddi-texniki bazasının formalaşması prosesi də artıq bitib. Hazırda fəaliyyətiniz nə yerdədir?

– Qarşıdakı aylar üçün yeni fəaliyyət planı hazırlamışıq. Bu plan ilin sonuna qədər olan müddəti əhatə edəcək. Bu sıraya Mərkəzin veb-saytının hazırlanması, oktyabrın 3-də türkdilli ölkələrin beyin mərkəzlərinin Bakı konfransının təşkili, eyni zamanda Azərbaycan-Çin münasibətləri ilə bağlı konfransın keçirilməsi aiddir. Bilirsiniz ki, müasir dəyərlərin sürətlə yayıldığı hazırki şəraitdə veb-saytlar qurumun siması rolunda çıxış edir. Bu baxımdan biz ilk növbədə məhz bu məsələni yoluna qoymaq istəyirik. Oktyabrın 3-nə təyin etdiyimiz konfransda Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, o cümlədən müşahidəçi qismində Macarıstan, Özbəkistan və Türkmənistandan olan qonaqların iştirakı nəzərdə tutulub. Həmin tədbir “Naxçıvan sazişi”nin 10 illiyinə həsr olunacaq. Bununla yanaşı Azərbaycan-Çin münasibətləri ilə bağlı konfrans keçirmək niyyətimiz də var.

Bildiyiniz kimi, Cənab Prezident İlham Əliyev bu ilin aprelində Çinə rəsmi səfər edib və səfər çərçivəsində müəyyən razılaşmalar əldə olunub. Təsadüfi deyil ki, Azərbaycanla Çin arasında münasibətlər yüksələn xətlə inkişaf edir. Biz də bu münasibətlərin inkişafına öz töhfəmizi verməyə çalışırıq. Qeyd edim ki, bu yaxınlarda Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin əməkdaşları Çinə rəsmi səfər ediblər. Yaxın aylarda mənim də Pekinə rəsmi səfərim gözlənilir. Bakıda baş tutacaq konfrans zamanı isə Azərbaycan-Çin münasibətləri ilə bağlı konkret təkliflər planı hazırlamağı hədəfləyirik.

– Tiflis səfəri zamanı gürcü mətbuatına önəmli açıqlamalar verdiniz. Qeyd etdiniz ki, Azərbaycan və Gürcüstan beyin mərkəzləri birgə fəaliyyət göstərməlidir. Bunun modeli necə olacaq?

– Əgər biz düşüncə mərkəzləri arasında münasibətləri nəzərdə tuturuqsa, heç şübhəsiz, burada iki ölkə arasında olan münasibətlər həlledici rol oynayır. Heç kimə sirr deyil ki, Azərbaycanla Gürcüstan arasında tarixi qonşuluq və strateji tərəfdaşlıq münasibətləri mövcuddur. Biz hazırda enerji, nəqliyyat və digər sahələrdə faydalı münasibətlər sistemi yarada bilmişik. Bütün bunlarla yanaşı müəyyən problemlər də olmamış deyil.

“Keşikçidağ/David Qareci” monastır kompleksində baş vermiş insident faktı çox pis presedentdir. Digər yerlərdə də müəyyən problemlərin olması istisna deyil. Lakin mən bunun şişirdilməsinin tərəfdarı deyiləm. Bilirsiniz ki, mən uzun müddət diplomat kimi fəaliyyət göstərmişəm və Azərbaycanın Kanadada səfiri olmuşam. Müşahidələrimə əsasən deyə bilərəm ki, Kanada ilə ən yaxın müttəfiqi ABŞ arasında da belə narazılıqlar mövcuddur. Onları birləşdirən dəyərlər çox olsa da, hətta hava müdafiə sistemlərinin də eyni olmasına baxmayaraq, müəyyən mübahisəli ərazi iddiaları var. Düşüncə mərkəzlərinin əməkdaşlığının əsas məqsədi soyuqqanlı şəkildə bu prosesləri təhlil edib, öz hökumətlərinə müvafiq təkliflər verməkdən ibarətdir. Təəssüf ki, bəzi təxribatçı qüvvələr Azərbaycanla Gürcüstan arasındakı münasibətləri pozmağa, təfriqə yaratmağa çalışırlar.

– Erməni lobbisi ilə müqayisədə Azərbaycan lobbisinin zəif olduğunu iddia edənlər var. Sizin bu məsələyə hər hansı töhfəniz olacaqmı?

– Təbii ki, bizim geniş planlarımız var. Həm Rusiya, həm də Fransa ilə qarşılıqlı işgüzar münasibətlər yaratmaq niyyətindəyik. Fransada tanınmış beyin mərkəzi var – «Cojep». Onlarla əməkdaşlıq imkanlarını nəzərdən keçiririk. Artıq həmin mərkəzin nümayəndələri Bakıda da olublar, geniş fikir mübadiləsi aparmışıq. Eyni zamanda bəzi Latın Amerikası ölkələrində erməni lobbisi kifayət qədər güclüdür. Hazırda Uruqvay, Argentina, Braziliya, Çili və erməni lobbisinin güclü olduğu digər Latın Amerikası dövlətlərində fəaliyyət göstərən düşüncə mərkəzləri ilə münasibətlər yaratmaq mərhələsindəyik. Biz hökumətə qapalı hesabatlar hazırlayırıq. Eyni zamanda cəmiyyətə də açıq qurumuq və vaxtaşırı olaraq gördüyümüz işlər haqqında hesabatlar yayırıq. Bu fəaliyyət təkcə xaricdə deyil, həm də ölkə daxilində davam edir. Azərbaycanda fəaliyyət göstərən beyin mərkəzləri, elmi-tədqiqat müəssisələri, universitetlər və mətbuat orqanları ilə dərin əməkdaşlıq imkanlarını nəzərdən keçiririk.

– Müasir dövrdə beynəlxalq müstəvidə əsas “silahlar”dan biri xarici mətbuat orqanlarıdır. Hazırda beynəlxalq media qurumları ilə əməkdaşlığınız hansı səviyyədədir?

– Bu istiqamətdə fəaliyyətə artıq start vermişik. Bizim mütəxəssislərin hazırladığı məqalələr dünyanın nüfuzlu media orqanlarında dərc olunur. Beynəlxalq media qurumları araşdırmalarımızı dərc etsələr də, təəssüf ki, Azərbaycan mətbuatı eyni məsələdə bizə diqqət ayırmır. Biz onlara həmin məqalələri tərcümə edib təqdim etsək də, əksər hallarda onları dərc etməkdə maraqlı olmurlar.

– Son dövrlər Avropaya sığınan “siyasi mühacirlər” ölkəmiz əleyhinə açıq qarayaxma kampaniyası aparırlar. Bunun arxasında hansı qüvvələr dayanır?

– Mən bu kampaniyaya son dövrlər start verilməsi ilə bağlı fikirlərlə razı deyiləm. Hələ ötən əsrin 90-cı illərində, Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə “Əsrin müqaviləsi” imzalanan zaman da belə kampaniya olub və zaman-zaman məqsədli şəkildə davam edib. Hesab edirəm ki, son dövrlər bu cür kampaniyaların yenidən aktivləşməsi təsadüfi deyil. Onları danışdıran əsas qüvvə erməni lobbisidir. Eyni zamanda ölkəmizin sürətli inkişafı, dünyanın önəmli, Qafqaz regionunun isə aparıcı dövlətinə çevrilməsi müəyyən dairələri ciddi şəkildə narahat edir. Ölkəyə təzyiq məqsədilə müəyyən təxribatçı ssenarilər hazırlayır və həyata keçirirlər. Bir zamanlar İtaliyada TAP layihəsinə qarşı bir etiraz hərəkatı başlatmışdılar. Sonradan bu fəaliyyəti sosial media vasitəsi küçə jarqonu səviyyəsinə daşıdılar. Əsas odur ki, həmin qüvvələr heç zaman öz məqsədlərinə çatmayıblar. Azərbaycan dövləti bu kimi hallara qarşı ciddi mübarizə aparır. Biz də Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi olaraq bu müstəvidə də öz fəaliyyətimizi davam etdiririk. Yaxın dövrlərdə Avropaya səfər etməyi və orada fəaliyyət göstərən düşüncə mərkəzləri ilə bu istiqamətdə dialoq və müzakirələr aparmağı nəzərdə tuturuq.

– Ermənistanın baş naziri Nikol Paşinyan iqtidara böyük vədlərlə gəlsə də, sonradan onların əksəriyyəti “kağız üzərində” qaldı. Onun ölkəmizə qarşı təhdid ritorikasının arxasında hansı səbəblər dayanır: diqqəti əsas hədəfdən yayındırmaq, yoxsa…?

– Tamamilə düz buyurursunuz ki, Nikol Paşinyan seçkidən əvvəl erməni xalqını şirnikləndirici vədlərlə aldadır, heç bir reallıq yükü olmayan sosial proqramlar açıqlayırdı. Artıq onun iqtidara gəlməsindən bir ildən çox vaxt keçib. Bu müddətdə o, Ermənistanın heç bir ciddi problemini həll edə bilməyib. Başa düşəndə ki, o, söz verdiyi vədləri yerinə yetirə bilmir, diqqəti əsas hədəfdən yayındırmağa çalışır bu, erməni xalqının haqlı narazılığına səbəb olur. Düzdür, bəziləri iddia edir ki, N.Paşinyan “Qarabağ klanı”na görə sülh meylli siyasət yürüdə bilmir. Lakin mən belə hesab etmirəm. Zənnimcə, o hərbçilərə xas açıqlamaları ilə özünü beynəlxalq birliyin gülüş hədəfinə çevirir və danışıqlar prosesinə ciddi ziyan vurur.

Azər Niftiyev, SOSİUM.az




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu