Müsavatla AXCP-dən Rauf Arifoğluna cavab gəldi




Bir zamanlar müxalifət cəbhəsinin aktiv simalarından olmuş "Yeni Müsavat" media qrupunun təsisçisi və baş redaktoru Rauf Arifoğlu keçmiş mübarizə yoldaşlarına qarşı sərt ittihamlar səsləndirib.




Modern.az xəbər verir ki, Rauf Arifoğlu Azloqos.eu saytının rəhbəri, tanınmış yazıçı-jurnalist Ələkbər Əliyevə geniş müsahibəsində Müsavat və Azərbaycan Xalq Cəbhəsi partiyaları haqqında xeli mübahisə doğuracaq məqamlara toxunub.

R.Arifoğlu söyləyib ki, Müsavat adlı təşkilatın qurulması mərhələsində indiki Müsavat rəhbərlərindən heç kim ortada olmayıb:

“Bunu demək istəyirəm. Müsavat 1989-cu ilin oktyabr ayında yaradıldı. İlk rəhbər heyətdə bunlar var idi: Mənsur Əlisoy (vəfat edib), Əhməd Rza, mən, Bəxtiyar Tuncay və Niyazi İbrahimov. Sonradan mənim təşəbbüsümlə Nəsib Nəsibzadə (indi Nəsibli) partiyaya gətirildi. İsa Qəmbər başda olmaqla, indi rəhbərlikdə olanlardan bəzilərini biz Müsavat təşkilatına dəvət etdik. Konkret olaraq, mən və Nəsib Nəsibli”.

R.Arifoğlu Müsavatın indiki rəhbərliyini “gəlmələr” adlandırıb.


“Yeni Müsavat” rəhbərinin mübahisələrə səbəb olan digər fikri isə AXCP sədri Əli Kərimli, konkret olaraq, 2005-ci il hadisələri ilə əlaqədardır.

R.Arifoğlu: “Elə həmin zamanlardan bir şeyi müşahidə etdim. Müxalifətin başını çəkən təkələr- liderlər bütün prosesi, sadəcə olaraq batırırlar. Hətta mənə elə gəldi ki, bunu qəsdən edirlər. 2005-in 26 noyabrındakı o meydan təlxəkliyini yada salın. O zaman Əli Kərimliyə şahidlərin yanında şəxsən dedim ki, bu avantüraya getmə. Dedi ki, xarici jurnalistlər 27 noyabrdan sonra gedirlər, o zamana kimi kadrlara düşəcək nələrsə etməliyik… Etdilər. Meydana toplaşan müxalif güclərə bəyan olundu ki, fasiləsiz mitinqlərə başlayırıq, gecələrə də qalacağıq, çadırlar quracağıq. Sivil cizgidən kənara çıxdıq, xarici ölkə jurnalistlərinin kameralarına düşəcək görüntülər oldu, müxalifəti 5-6 dəqiqəyə döyüb, sürüyüb, meydandan atdı hökumət. Bununla da “sürünən etirazlar” dayandı, proses tormozlandı…”.

Modern.az-ın əməkdaşı baş redaktorun müsahibəsində toxunduğu məqamlara aydınlıq gətirmək üçün adı çəkilən hər iki partiyanın səlahiyyətliləri ilə əlaqə saxlayıb.

Müsavat başqanı Arif Hacılı israrımıza rəğmən danışmaq istəmədi:

“Mən Rauf Arifoğlunun fikirlərini şərh etmirəm”.

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin müavini, bir müddət öncə həbsdən çıxan Seymur Həzi də Rauf bəyin dediklərinə münasibət bildirməkdən imtina etdi:

“Mən hakimiyyət düşərgəsində rəhbərlərin fikirlərinə münasibət bildirirəm. Hakimiyyət düşərgəsindən olan digər şəxslərin fikirlərinə münasibət bildirmirəm”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu