“İstanbul Konvensiyası” nədir? Azərbaycan da bu sənədə qoşulsa qadın zorakılığı azalacaqmı?




Novella Cəfəroğlu: "Təkcə konvensiyaya qoşulmaqla hər şey həll olunmur”



Məlum olduğu kimi oktyabrın 20-də Bakıda bir qrup feminist qadın ölkədə qadınlara qarşı zorakılığa son qoyulması üçün aksiya keçirmişdi. Aksiyada Azərbaycanın "İstanbul Konvensiya”sına qoşulması ilə bağlı da tələblər səslənmişdi.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi bununla bağlı bəyanat yayıb. Bildirilib ki, adı çəkilən konvensiyaya qoşulmaq ilə bağlı təkliflər paketi hökumətə təqdim olunub:

"Azərbaycan Respublikası tərəfindən İstanbul Konvensiyasının imzalaması əsasən qadınların hüquqlarının pozulmasına dair şikayətlərə baxılması mexanizmlərinin gücləndirilməsi, qadınların zorakılığın bütün formalarından müdafiə olunması, qadınlara qarşı zorakılığın qarşısının alınması, təqib edilməsi və qaldırılması, qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılması, qadınların səlahiyyətlərinin genişləndirməsi də daxil olmaqla kişi ilə qadın arasında real bərabərliyi təşviq etmək, qadınlara qarşı zorakılıq və məişət zorakılığının bütün qurbanlarının müdafiəsi və onlara yardım üçün hərtərəfli qanunvericilik bazası, siyasət və tədbirlərin hazırlanması məqsədi daşıyır.
İstanbul Konvensiyasının imzalanması ilə bağlı təkliflər paketi hökumətə təqdim olunub”.

Qeyd edək ki, "İstanbul Konvensiyası” ilə bağlı artıq deputatlardan da çağırışlar gəlib. Məsələn, deputat Aqiyə Naxçıvanlı bununla bağlı danışarkən bildirib ki, burada qadınlara qarşı zorakılıq insan haqlarının pozulması və ayrı-seçkiliyin bir forması kimi tanınır. "İstanbul Konvensiyası” bir çox baxımdan islahat xarakterli sənəddir.

Bəs bu sənədin əhəmiyyəti nədən ibarətdir? Heç də gizlin deyil ki, Türkiyə bu konvensiyaya qoşulsa da, ölkəsində hələ də qadınlara qarşı amansız qətllər törədilir, zorakılıq, şiddət nümayiş olunur. Bəs ölkəmiz də bu sənədə qoşularsa, qadın zorakılığı məsələsində hansı yeniliklər ola bilər?

Qeyd edək ki, İstanbul Konvensiyası kimi tanınan sənədin tam adı "Qadınlara qarşı zorakılıq və məişət zorakılığının qarşısının alınması və ona qarşı mübarizə haqqında Avropa Şurası Konvensiyası”dır. Bu sənəd Avropa Şurası Parlament Assembleyasında qəbul edilməklə 2011-ci il mayın 26-da Türkiyənin İstanbul şəhərində imzaya açıq elan olunub. Bu səbəbdən bu konvensiyanı "İstanbul Konvensiyası” da adlandırırlar.
Konvensiya özündə ehtiva edir: "Qadınlara qarşı zorakılıq”, "Məişət zorakılığı ilə mübarizə sahəsində qurbanları müdafiə yolları”, "Qabaqlayıcı tədbirlər”, "Şiddət törədənlərin məsuliyyətə cəlb olunması”, "Milli qanunvericiliyi səmərəli müdafiəni təmin edəcək şəkildə təkmilləşdirmək”, "Bu sahədə effektiv standardlar yaratmaq”, bu sahədə siyasətlərin formalaşdırılması.

Avropa Şurasının demək olar ki, bütün üzvləri tərəfindən imzalanan Konvensiya 34 üzv ölkəsi tərəfindən ratifikasiya edilib. Avropa Şurasında 45 üzv ölkəsi tərəfindən imzalanan Konvensiyanı imzalamayan isə yalnız iki ölkə qalır. Bunlar Rusiya Federasiyası və Azərbaycan Respublikasıdır.

Bu konvensiyanın Azərbaycan üçün əhəmiyyətinə gəldikdə isə mütəxəssislər bildirir ki, ölkəmizin-Konvensiyaya qoşulması qadınlara qarşı zorakılıq və məişət zorakılığının qarşısının alınması sahəsində mövcud qabaqlayıcı və cavab tədbirlərinin yaxşılaşdırılması, bu sahədə sistemli və effektiv siyasət və qanunvericiliyin yaranmasına gətirib çıxarda bilər.

İstanbul Konvensiyası məcburi hüquqi qüvvəyə malik olan qadınlara qarşı zorakılıq və məişət zorakılığı ilə mübarizə sahəsində ilk beynəlxalq hüquqi sənəddir. Eyni zamanda Konvensiya onu qəbul etmiş ölkələrdə yerinə yetirilməsini izləmək üçün müvafiq monitorinq mexanizmi formalaşdırıb.

Konvensiya qadınlara qarşı zorakılıq və məişət zorakılığı sahəsində Konvensiyanın əhatə dairəsinə daxil olan zorakılığın bütün formalarının qarşısını almaq və onlarla mübarizə aparmaq məqsədilə dövlətlərdən lazımı maliyyə və insan resursları ayırmasını tələb edir.

İstanbul Konvensiyasının qəbul edilməsinin Azərbaycan üçün digər əhəmiyyəti də var. Belə ki, bu sənəd beynəlxalq hüquqi öhdəlik yaradır ki, adıçəkilən hallar cinayət əməli kimi təqib olunsun deyə qanunvericilikdə zəruri dəyişikliklər edilsin.

Digər yenilik sənəddə qeyd olunan cinayətlər nəticəsində dəyən zərərlərə görə kompensasiya hüququnu müəyyən etməsidir. Dəyən zərərlər və kompensasiyanın ödənilməsinə görə məsuliyyəti ilk növbədə zorakılığı törədən şəxs daşısa da, qurbana ciddi bədən xəsarəti və ya onun sağlamlığına zərərin vurulduğu hallarda ikinci dərəcəli məsuliyyət dövlətin üzərinə düşür.

Konvensiya həmçinin tələb edir ki, qadınlara qarşı zorakılıq və məişət zorakılığının qarşısının alınması üzrə qurumlararası yaxşı əlaqələndirilmiş dövlət xidmətləri yaradılsın. Həmin qurumlar səhiyyə, hüquq mühafizə orqanları, sosial iş və sığınacaqlardır. Çünki məişət zorakılığı ilə mübarizə çoxşaxəli müdafiə tədbirləri tələb edir.

Mövzu ilə bağli hüquq müdafiəçisi və Dilarə Əliyeva adına Azərbaycan Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu "Yeni Müsavat”a danışıb:

"Ümumiyyətlə, biz bütün konvensiyalara qoşulmalıyıq. Amma tək konvensiyalara qoşulmaqla nəyəsə nail olmaq olmur. Düşünməliyik ki, həmin konvensiya ilə nə etmək olar.

Çox məsələ özümüzdən asılıdır. Hazırda Azərbaycanda qadınlara qarşı olan zorakılıq heç bir zaman müşahidə olunmamışdı. Bu, həqiqətdir, zorakılıq daha da şiddətlənib. Sovet dövrünü qəbul etməsək də o dövrlər bu məsələnin qarşısı müxtəlif yollarla alınırdı.

Beləliklə adı çəkilən konvensiya bu zorakılıqların qarşısını almaq üçün təşkil edilib. Həmçinin aidiyyəti orqanlar, o cümlədən qadın təşkilatları, icra orqanları, bələdiyyələr bu sahədə işləməlidir. Yoxsa ki, bir konvensiyanı qəbul etməklə hər şey həll olunmur.

Baxın bu günə qədər 100 konvensiya qəbul etmişik, irəliləyiş varmı? Əlbəttə ki, yox. Cəmiyyət özü buna istəkli olmalıdır”. (Qaynarinfo.az)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu