Azərbaycanda qadınların əməyi qadağan olunan peşələrin sayı azaldılır
Azərbaycanda qadınların əməyi qadağan olunan peşələrin sayı azaldılır.
Bununla bağlı Prezident İlham Əliyevin imzası ilə Milli Məclisə Əmək Məcəlləsində dəyişiklik layihəsi daxil olub.
Qeyd edilib ki, Azərbaycanda qadınlara qarşı-ayrı seçkiliyin bütün halları qanunvericiliklə qadağan olunub. Cəmiyyət həyatının bütün sahələrində gender bərabərliyinin və qadın hüquqlarının təmin olunması, müdafiəsi, onlar üçün yaradılan bütün imkanların genişləndirilməsi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindəndir. Dövlət başçısının imzası ilə Milli Məclisə daxil olan “Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanun layihəsində də əmək münasibətlərində iştirak sahəsində gender bərabərliyi prinsipinə tam əməl olunması, qadınların əmək bazarında iştirakı ilə bağlı maneələrin aradan qaldırılması üçün qanunvericiliyə dəyişikliklər nəzərdə tutulub.
Qanun layihəsinə əsasən mövcud qanunvericilikdə qadınların əməyi qadağan olunan 674 peşə (vəzifə) və iş yeri azaldılaraq 204 müəyyən ediləcək, eyni zamanda qadağan edilən peşə (vəzifə) və iş yerləri bütün qadınlara deyil, yalnız hamilə və ya bir yaşınadək uşağı olan qadınlara tətbiq ediləcək. Nəticədə, respublikada əmək münasibətlərinin və məşğulluq imkanlarının gender bərabərliyi prinsipləri əsasında qurulmasında, kişi və qadınlara bərabər rəftar və bərabər məşğulluq imkanlarının yaradılmasında əsaslı dönüş yaranacaq, ölkə üzrə qadınların orta əmək haqlarının kişilərin orta əmək haqqına yaxınlaşması təmin ediləcək.