BMT Qoşulmama Hərəkatının konfransına görə Azərbaycana təşəkkür edib


“Qoşulmama Hərəkatının konfransı vacibdir. Mən bu tədbirin təsisçilərinə, Azərbaycana və Uqandaya BMT adından təşəkkür edirəm".



AFN.az xəbər verir ki, bunu BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreyeva Qoşulmama Hərəkatının Qadın Hüquqlarının İnkişafı və Qadınların Səlahiyyətləndirilməsi üzrə Konfransında çıxışı zamanı deyib.

Xanım Andreyeva bildirib ki, BMT-nin dayanıqlı inkişaf məqsədləri qadınların və qızların təmsilçiliyini, gender məsələlərini də təşviq edir.

"Bizim indi münaqişələrlə, böhranlarla üzləşdiyimiz bir zamanda dialoqa, əməkdaşlığa ehtiyacımız var".

Mərakeşin həmrəylik, sosial inteqrasiya və ailə naziri Hayar Avatif çıxışında Azərbaycan hökumətinə bu konfransa görə təşəkkür edib.

O deyib ki, bu konfrans hər bir ölkə üçün vacib olan mövzularda fikir mübadiləsi üçün vacib bir fürsət yaradıb.

"Ölkəmizdə qadın uçaq və ailə məsələləri ilə bağlı məsələlər öz həllini tapıb. Qadınlara qarşı zorakılığın aradan qaldırılması üçün vacib addımlar atılıb. Ölkəmizin rəhbəri deyib ki, Mərakeşin inkişafında qadınlar böyük pay sahibi olmalıdır, kişilərlə çiyin-çiyinə çalışmalıdır. Qadınlar və kişilər bütün hüquqlardan bərabər yararlanmalıdır. 2023-cü ilin sonlarına doğru biz görürük ölkəmizdə qadınların problemləri həll olunub, bu istiqamətdə vacib praktiki addımlar atılıb. 18 milyona yaxın ailə bu fürsətdən faydalanıb".

Mərakeş Krallığı beynəlxalq çərçivədə qəbul olunmuş gender bərabərliyi ilə bağlı bütün sənədləri, təşəbbüsləri dəstəkləyir.

Nepalın qadın, uşaq və gənclər naziri Surendra Raç Açarya çıxışında ölkəsinin gender bərabərliyi, qadınlara qarşı zorakılığa mübarizə istiqamətində qanunvericilikdə və praktiki sahədə atdığı addımlar barədə konfrans iştirakçılarını məlumatlandırıb.

Mavritaniyanın gender bərabərliyi və ailə rifahı naziri Kalpana Devi Koonjo Şah çıxışında deyib ki, qadın zorakılığı ilə mübarizə onun ölkəsinin əsas milli prioritetlərindən biridir.

"Ölkəmiz qadınların yüksək siyasi idarəçilik postlarında çalışmasını təşviq edir.

Parlament üzvlərinin 17 faizi qadınlarıdır, şirkətlərdə idarəetmə şurasının ən azı 25 faizinin qadınlar olması öhdəliyi var. Qadınların sosial iqtisadi və siyasi həyatda fəal iştirakı üçün mexanizmlər hazırlanıb və bu davam edir".

Nikaraquanın qadınlar naziri Cessika Yaoska Padilla Levia çıxışında deyib ki, onun ölkəsində nazirlər kabinetində 16 nazirdən 9-u qadındır.

“Məhkəmə sistemində çalışanların 59 faizi, parlament üzvlərinin 57 faizi qadınlardır”.

Nikaraqualı nazir vurğulayıb ki, onun ölkəsi gender bərabərliyi və qadınların təmsilçiliyi üzrə yüksək göstəricilər əldə etmiş ölkələr sırasındadır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu