Prezident "başqa rayonlarda da belələri var" deyir, Taleh Qaraşov isə dərs çıxarmır




Prezident İlham Əliyev yeni baş prokuror Kamran Əliyevlə videoqəbul keçirən zaman icra başçılarının həbsi məsələsinə də toxunub.



AFN xəbər verir ki, dövlət başçısı deyib ki, bu xoşagəlməz hallara qarşı Azərbaycanda çox ciddi mübarizə aparılır: "Mən bu məsələ ilə bağlı dəfələrlə öz fikirlərimi bildirmişdim. Bütün dövlət məmurlarını xəbərdar etmişdim və hətta demişdim ki, əgər hansısa dövlət məmuru öz işində düzəlişlər edə bilmirsə, yaxud da ki, istəmirsə, qoy özü könüllü şəkildə dövlət işindən istefa versin. Amma əfsuslar ki, mənim sözlərim bəziləri üçün dərs olmadı və bunun nəticəsində indi Dövlət Təhlükəsizliyi Xidməti bir neçə əməliyyat keçirərək rüşvətxorları, yüksək vəzifə sahiblərini ifşa etdi və onlar artıq cinayət məsuliyyətinə cəlb edilmişlər. Ağstafa, Biləsuvar, Yevlax, Neftçala rayonlarının icra başçıları həbs edilmişdir, ictimaiyyətə bu məsələ ilə bağlı ətraflı məlumat verilmişdir və bundan sonra da ətraflı məlumat veriləcəkdir".

İ.Əliyevin sözlərinə görə, bu gün nümayiş etdirilən videokadrlar onu göstərir ki, rüşvətxorluq həbs olunan məmurlar üçün əsas prinsip olub: "Yəni bütün aidiyyəti qurumlar bir qayda olaraq hər ay icra başçılarına və icra hakimiyyətinin digər nümayəndələrinə rüşvət verməli olmuşlar. Əfsuslar olsun ki, belə xoşagəlməz hallar digər rayonlarda da vardır. Bu haqda məlumat var və bir daha demək istəyirəm ki, heç kim məsuliyyətdən boyun qaçıra bilməyəcək. Heç kim qanundan üstün deyil və əgər kim fikirləşir ki, onun yaxınları, tanışları, qohumları, yüksək vəzifəli dostları ona kömək edəcəklər, səhv edir. Qanun qarşısında hamı bərabərdir, Azərbaycan cəmiyyətində korrupsiya və rüşvətxorluq olmamalıdır. Hər halda biz çalışmalıyıq ki, korrupsiya və rüşvətxorluq üçün meydanı həm inzibati yollarla, həm də institusional üsullarla daraldaq. Eyni zamanda, cəza tədbirləri də tətbiq olunur və tətbiq ediləcəkdir".

Təəssüflər olsun ki, prezident artıq dəfələrlə bu tip açıqlamalar verib, məmurları, xüsusilə icra başçılarını qanunpərəstliyə dəvət etsə də, bəziləri bu xəbərdarlıqdan dərs almırlar. Yuxarıda da qeyd edildiyi kimi, onlardan bəziləri artıq qanun qarşısında cavab verməli olublar. Lakin elələri də var ki, hələ də kiməsə, yaxud nəyəsə arxayındır və eyni əməlləri törətməkdədir. Bunlardan biri də mediada daim adı neqativ əməllərdə hallanan, rəhbərlik etdiyi qurumu korrupsiya və rüşvət yuvasına çevirən Lənkəran şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovdur. Bir müddət əvvəl araşdırmaçı jurnalist Cavanşir Həsənli T.Qaraşovun Kərgəlan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin oğlu, “LƏNKƏRAN CİTY TRAVEL” MMC-nin təsisçisi Babək Xıdırlının adına DOST MMC vasitəsilə maaş kartı açdıraraq maaşı özünün götürməsi haqda məlumat vermişdi. Jurnalist icra başçısının haqqında növbəti faktları təqdim edib. O bildirib ki, sosial işçi kimi adına maaş kartı açılanlardan biri də rayonun Kənarmeşə kənd sakini, 1990-cı il təvəllüdlü Elvin Xanbaba oğlu Babayevdir: "Elvin Babayev Taleh Qaraşovun 1-ci müavini Möhübbət Babayev Hacıbaba oğlunun qardaşı 1954-cü il təvəllüdlü Xanbaba Babayevin oğludur. Adı "dost maaşı" alanlar siyahısında olanlardan biri də keçmiş deputat Hadı Rəcəblinin yaxın qohumu Rəcəbov Şamil Cəsail oğludur".
C.Həsənlinin sözlərinə görə, Hadı Rəcəblinin qardaşı İqbal Rəcəbov Lənkəran şəhərinin maliyyə idarəsinin rəisidir. "İqbal Rəcəbovun qızı Firuzə Rəcəbli Lənkəran şəhər İcra Hakimiyyətinin Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın uşaqlarla iş üzrə məsləhətçi-psixoloqudur" - deyə jurnalist bildirib.







AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu