NATO: "Gürcüstanı Avro-Atlantik ailəsinin tamhüquqlu üzvü kimi görmək istəyirik"


NATO-nun baş katibi Yens Stoltenberq Gürcüstanın yeni baş naziri İrakli Kobaxidze ilə görüşüb və bu ölkənin NATO və Avropa İttifaqının (Aİ) bir hissəsi olmasını dəstəklədiyini bildirib.



Stoltenberq NATO-nun mənzil-qərargahında Kobaxidze ilə görüşüb.

Stoltenberq NATO-nun tərəfdaşı olan Gürcüstanın suverenliyini və ərazi bütövlüyünü dəstəklədiyini bildirib və Rusiyanın işğal etdiyi bölgələrdə ilhaq qərarının qəbuledilməz olduğunu vurğulayıb.

Gürcüstan və NATO arasında tərəfdaşlığın daha da necə inkişaf etdiriləcəyini müzakirə edəcəklərini bildirən Stoltenberq, “Gürcüstanın Avro-Atlantik ailəsinə tam üzvlük, daha çox demokratiya və rifah istiqamətində irəlilədiyini görmək istəyirik” ifadələrini işlədib.

Kobaxidze həmçinin bildirib ki, onun vəzifəyə keçdikdən sonra ilk xarici səfəri Brüssel, Aİ və NATO-ya olub və bu, onun ölkəsini sözügedən ailənin bir hissəsi etmək istəyini əks etdirir.

Ölkəsinin bu illər ərzində NATO-nun rəhbərlik etdiyi missiya və əməliyyatlarda iştirak etdiyini deyən Kobaxidze bunun müdafiə qabiliyyətinin NATO ilə uyğunlaşmasına töhfə verdiyini bildirib.

Kobaxidze ölkəsinin ərazisinin 20 faizinin işğal altında olduğunu vurğulayıb, NATO və müttəfiqlərini hər zamankindən daha çox ölkəsini dəstəkləməyə çağırıb.

Dünən Kobaxidze Aİ Şurasının sədri Çarlz Mişel, Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrel və Avropa Komissiyasının qonşuluq və genişlənmə üzrə məsul üzvü Oliver Varhelyi ilə görüşüb.

Xatırladaq ki, Gürcüstan Aİ-yə namizəd ölkə statusunu 2023-cü ilin dekabrında alıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu