Gürcüstanda azərbaycanlıların soyadları ilə bağlı qanun layihəsi hazırlanır


Gürcüstan parlamentində azərbaycanlı vətəndaşlara soyad sonluqlarını dəyişdirməyə hüquqi əsas verəcək qanun layihəsinin müzakirəsi üçün işçi görüş keçirilib. Bu barədə qanunverici orqanın Mətbuat xidmətindən bildirilib.


Görüşdə İnsan haqları və vətəndaş inteqrasiyası məsələləri üzrə Komitənin sədri Mixeil Sarcveladze, onun müavini Savalan Mirzəyev, parlament üzvü Zaur Darğallı, ədliyyə nazirinin müavini Tornike Çeişvili və Dövlət Xidmətlərinin İnkişafı Agentliyinin nümayəndələri iştirak ediblər.

Bildirilib ki, komitədə Gürcüstan vətəndaşlarına (yezidilər, azərbaycanlılar da daxil olmaqla) tarixi və mədəni ənənələrinə uyğun olan soyadlarının qaytarılmasına imkan verəcək qanunvericilik dəyişikliyi üzərində iş aparılır.

Bu məsələnin müxtəlif etnik mənsubiyyətli şəxslər üçün əhəmiyyətini vurğulayan görüş iştirakçıları bununla bağlı mövcud problemləri və onların həlli yollarını da müzakirə ediblər.

Qeyd olunub ki, müvafiq qanun layihəsi üzərində işin yekun mərhələsində konkret müddəaların razılaşdırılması tələb olunur. Sənəd hazır olandan sonra baxılması üçün parlamentə təqdim ediləcək.

Sonda qanun layihəsinin ətraflı müzakirəsi üçün əməkdaşlığın davam etdirilməsi barədə razılıq əldə olunub.

Xatırladaq ki, Gürcüstanda yaşayan soydaşlarımız onlara soyadlarından “ov” və “yev” sonluqlarının götürülməsi hüququnun verilməsini istəyirlər. “Vətəndaş aktları barədə” Qanuna düzəlişlər tələb edən təşəbbüs qrupu bu məqsədlə avqustun 2-dən 25 min imzanın toplanılması üçün kampaniya aparır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu