Süni mayalanma ilə doğulan uşaqlarda qüsurlara daha çox rast gəlinir? – pediatrdan açıqlama


Süni mayalanma ilə dünyaya gələn uşaqda qəribə anomaliya aşkarlanıb.


AFN.az xəbər verir ki, bu barədə həkim Aydın Əliyev bildirib. O, qeyd edib ki, süni mayalanma ilə dünyaya gələn 7 yaşlı uşağın anası son vaxtlar sidiyindən kəskin qoxu gəlməsini müşahidə edib: “TƏBİB-in tabeçiliyində olan məşhur klinikalardan birinə müraciət edib, yoxlamayıb başdan ediblər. Həkim yoldaşlardan biri veziko-ureteral reflüks ola bilər deyərək bizim müayinəmizi tövsiyə edib. Əlqərəz, uşağı sistoqrafiya etmək üçün öncə sidik kisəsi kateteri qoymalıyıq, fəqət sidik kanalının xarici dəliyini tapa bilmədik, ultrasəs müayinəsi etdirdik, bir nəticə hasil olmadı, nəhayət sidiyin haradan xaric olduğunu bilmək üçün uşağı işətdirdik və sidiyin uşaqlıq yolundan-vaginadan xaric olduğunu gördük. Female hypospadia-sidik kanalının normal yerindən deyil, uşaqlıq yoluna açılması. 7 ildə aşkar edilməyib. Diqqətli müayinə önəmlidir”.
A.Əliyevin uşağın süni mayalanma yolu ilə dünyaya gəlməsini xüsusi qeyd etməsi təbii olaraq sual yaradır: süni mayalanma ilə dünyaya gələn uşaqlarda anadangəlmə qüsurlar olurmu? Bu cür uşaqlara çoxmu rast gəlinir?
Pediatr Günay Rəsulova suallarımızı cavablayarkən bildirdi ki, tibdə süni mayalanma yolu ilə doğulan uşaqlarda anadangəlmə qüsurların olması ilə bağlı heç bir fakt sübut olunmayıb: “Açığı, süni mayalanma ilə doğulan uşaqlarda təbii mayalanma ilə doğulan uşaqlara nisbətən qüsurların çox olması ilə bağlı hansısa elmi tədqiqat nəticəsi yoxdur. Əksinə, süni mayalanmada daha sağlam rüşeymlər seçilir. Əgər qohum evliliyi deyilsə, genetik problemləri olan valideynlərdən doğulan uşaqlar deyilsə, süni mayalanma ilə doğulan uşaqlar daha sağlam olurlar. Bu baxımdan, anadangəlmə qüsurların onlarda daha az olması mümkündür, nəinki təbii mayalanma ilə doğulanlarda”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu