"Azərkosmos" "AzerSky2" ilə bağlı kiminlə anlaşacaq? - ŞƏRH


"Azərkosmos" ASC həm yeni peyk istehsalçısı, həm də peyki orbitə qaldıracaq yeni şirkət axtarışındadır. Azərbaycanın "AzerSky1" müşahidə peykinin ömrü 2024-cü ildə başa çatacaq. Artıq yeni "AzerSky2"-nin istehsalı üçün işlərə başlamaq ərəfəsidir.


"Azərkosmos" bu peykin istehsalı və orbitə qaldırılmasını hansı şirkətlərlə əməkdaşlıq çərçivəsində nəzərdə tutub? AFN.az xəbər verir ki, Milli İnternet Forumunun prezidenti Osman Gündüz bu məsələ ilə bağlı şərh verib. Onun sözlərinə görə, "Azərkosmos" rəhbəri Saməddin Əsədov növbəti "AzerSky2" peykinin "SpaceX" ilə orbitə qaldırıla biləcəyini istisna etməyib: "Məlum olduğu kimi , hazırkı "Azersky1" peyki Hindistanın “Polar Satellite Launch Vehicle” daşıyıcı raketi ilə orbitə qaldırılmışdı. Görünür ki, "Azərkosmos" gələcəkdə Hindistanın bu qurumu ilə əməkdaşlığın davam etdirilməsini nəzərdə tutmur. Saməddin Əsədov hazırda ən sərfəli şərtlərin İlon Maskın şirkətinə mənsub olduğunu, lakin hələlik hansısa anlaşmaların olmadığını bildirib.
Qurumun rəhbəri bununla bağlı tender olacağını açıqlayıb".

Bəs yeni müşahidə peykimizin istehsalçısı kim olacaq? O.Gündüzün sözlərinə görə, artıq məlumdur ki, "AzerSky1" peykinin istehsalçısı olan Fransanın "Airbus Defence and Space" şirkəti ilə "Azərkosmos"un əməkdaşlığının davam etditrilməsi nəzərdə tutulmur: "Bir neçə il öncə fəaliyyəti dayandırılan şirkətin bağlandığı da açıqlanıb. Şirkət müqavilə öhdəliklərini başa vuraraq Azərbaycanı tərk edib. Hələlik "Azərkosmos" peykin istehsalçısının hansı ölkə, hansı şirkət olacağını açıqlamayıb. Amma düşünmək olar ki, qurum yeni peykin istehsalını Azərbaycanın hərbi sahədə ən yaxın əməkdaşlıq etdiyi ölkələrlə birgə nəzərdə tutub. Qarşıdan isə Azərbaycanın ev sahibliyi edəcəyi 74-cü Beynəlxalq Astronavtika Konqresi gəlir. Dünyanın kosmos ailəsinin 5000-dən çox iştirakçısı gələn ilin oktyabrında Bakıya toplaşacaq. Bu tədbirlə bağlı Prezidentin xüsusi sərəncamı var. Baş nazirin rəhbərliyi ilə Təşkilat Komitəsi yaradılıb. Mümkündür ki, Azərbaycan bu beynəlxalq tədbirədək "AzerSky2" peykinin istehsalçısı və raketdaşıycısı məsələsini həll etsin və Konqres çərçivəsində müqavilələr imzalansın".
Yeri gəlmişkən, artıq cari ildə Ermənistan da İspaniyan Satlantis şirkəti ilə birgə tələm-tələsik özünün kiçik ölçülü müşahidə peykini hazırlayıb və "SpaceX" ilə orbitə qaldıraraq kosmos ailəsinə qoşulub. Bir neçə ay öncə Parisdə keçirilən 73-cü Beynəlxalq Astronavtika Konqresində ermənilər ilk dəfə olaraq nümayəndə statusunda iştirak ediblər. Maraqlıdır, görəsən gələn il Bakıda keçiriləcək Beynəlxalq Astronavtika Konqresinə Ermənistan nümayəndələri qatılacaqmı?



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu