İki nazirin iştirak etdiyi sammitdə yeni mesajlar gözə dəymədi - EKSPERT


Bu il nüfuzlu "Qlobal İnnovasiyalar İndeksi 2022” reytinqində Azərbaycan innovasiyaların səviyyəsinə görə 13 pillə geriləmişdi. Belə bir vəziyyətdə, "Paşa Holding" və İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi tərəfindən təşkil olunan İllik İnnovasiya Sammiti-2022 diqqəti cəlb edirdi. Ciddi gözləntilər vardı.


AFN.az xəbər verir ki, bunu İT üzrə mütəxəssis Osman Gündüz deyib. Onun sözlərinə görə, tədbirdə iki nazir real olaraq və bir nazir də virtual olaraq iştirak edib: "Sammitdə diqqətimi cəlb edən o oldu ki, adı çəkilən Agentliyin sədr əvəzi də çıxışına innovasiyalar sahəsində geriləməyimizi qeyd etməklə başladı. Görünür, qurum da, nazirlik də baş verənlərin fərqindədir. Sammitdəki çıxışlarında nazirlər Rəşad Nəbiyev və Mikayıl Cabbarov innovasiya ekosistemin inkişafına dəstək veriləcəyini açıqlasalar da, yeni mesajlar gözə dəymədi. Düşünürəm ki, sektorda tənzimləyici strukturların formalaşdığı, konkret səlahiyyətli qurumların müəyyən olunduğu, özəl sektor üçün ciddi dəstək olarsa, daha sürətli inkişaf üçün güclü potensial olduğu, beynəlxalq hesabatda 13 pillə gerilədiyimiz indiki şəraitdə inkişafa yönəlik daha ciddi qərarlara ehtiyac var".
O.Gündüz qeyd edib ki, innovasiya ekosisteminin qurulmasına dəstək məqsədilə təşkil olunan tədbirdə maraqlı tərəflərin iştirakı təmin edilib, təşkilatçılıq yaxşı təşkil olunub: "Bununla belə, düşünürəm ki, 2 nazirin real olaraq və bir nazirin virtual olaraq qoşulduğu bir sammitdən gözləntilər daha çox idi.
İRİA da səylərini xeyli gücləndirməlidir. Yeri gəlmişkən, diqqətimi cəlb etdi ki, sammitdəki çıxışından bir neçə saat sonra nazir Rəşad Nəbiyev artıq Türkmənistanda Türk dövlətləri nazirlərinin bir toplantısında da iştirak və çıxış edib. Görünür, nazirimiz yetərincə dinamikdir. Nazirliyin səlahiyyətləri də getdikcə artır. Tabeli qurumlar da ləng olsa da, getdikcə formalaşır. Ölkə üzrə fiberoptik infrastrukturla bağlı ciddi addımlar atılır. Gözləntilər çoxdur.
Ümid edirəm və inanıram ki, qısa zamanda innovasiya və rəqəmsal sektorda son illərdə müşahidə olunan ləngimələr sürətli inkişafla əvəzlənəcək".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu