Ruben Vardanyan Gorusa keçmək istəyərkən saxlanıb - YENİLƏNİB


Ruben Vardanyanın saxlanması xəbərini Rusiyanın TASS Agentliyi təsdiqləyib.


Bildirilir ki, o, Gorusa keçməyə cəhd edərkən Azərbaycanla sərhəddə saxlanılıb. Bu barədə TASS-a ona yaxın mənbə məlumat verib.

“Ruben Vardanyan Akari körpüsünü keçərkən saxlanılıb”, - agentliyin həmsöhbəti bildirib.

Hələlik Azərbaycan tərəfi, eləcə də Ermənistan hakimiyyəti tərəfindən hər hansı şərh verilməyib.

***

Ermənistanın bəzi xəbər saytları və Teleqram kanalları qondarma “Artsaxın keçmiş dövlət naziri”, rusiyalı milyarder Ruben Vardanyanın saxlanıldığı barədə məlumat yayıblar.



AFN.az-ın məlumatına görə, yayılan xəbərlərdə Ruben Vardanyanın Laçın yolunda saxlanıldığı bildirilib.

Hələlik bununla bağlı rəsmi məlumat almaq mümkün olmayıb.

1968-ci il təvəllüdlü erməni milyarder Ruben Vardanyan Yerevanda anadan olsa da, sərvətini Rusiyada qazanıb. "Forbes" jurnalı onun varidatının təxminən 1 milyard dollar həcmində qiymətləndirir. Vardanyan 2021-ci ildə Ermənistan vətəndaşlığı alıb. O, qərarını II Qarabağ müharibəsindən sonra erməni xalqına dəstək olmaq istəməsiylə əlaqələndirib. Milyarder əvvəlcə hansısa dövlət vəzifəsini tutacağını rədd eləsə də, sonradan Qarabağdakı erməni seperatçılarının rəhbəri Araik Harutunyanın "dövlət naziri" vəzifəsini tutmaq təklifini qəbul edib. O, bir müddət bu qondarma "vəzifə"ni daşıyandan sonra "istefaya göndərilib".

Qeyd edək ki, Vardanyanın Qarabağdakı separatçı rejimin "dövlət naziri" elan edilməsindən sonra azərbaycanlı ekofəallar Laçın-Xankəndi yolunda aksiya keçirməyə başlamışdılar.

Bəzi ekspertlər Vardanyanın məhz Rusiyanın himayəsi ilə Qarabağa gətirildiyini bildirirlər.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu