Ermənistanla sülh sazişimiz olmasa, bu, o deməkdir ki, Cənubi Qafqazda sülh yoxdur - İlham Əliyev


Mən artıq dəfələrlə bu barədə danışmışam ki, biz postmünaqişə vəziyyətindən Cənubi Qafqazda sülhməramlı inkişafa və əməkdaşlığa keçmək istəyirik. Əfsuslar olsun ki, biz indiyədək Ermənistan hökumətindən buna bənzər nə isə eşitməmişik.


AFN xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə Ali nümayəndəsi Cozef Borelin mandatı əsasında Azərbaycana səfər edən Rumıniyanın xarici işlər naziri Boqdan Aureskunu, Avstriyanın xarici işlər naziri Aleksandr Şallenberqi, Litvanın xarici işlər naziri Qabrielius Landsbergisi və Avropa İttifaqının nümayəndə heyətini qəbul edərkən deyib. Prezident daha sonra qeyd edib: "Ermənistan hökuməti bizim Ermənistanla sülh sazişinə dair danışıqlara başlamaqla bağlı heç bir bəyanatımıza məhəl qoymur. Lakin ola bilsin ki, seçkiqabağı vəziyyət bu cür bəyanatlar vermək üçün çox əlverişli olmayıb. Amma indi Ermənistanda seçkilər başa çatandan sonra ümid edirik ki, müsbət cavab olacaq. Əlbəttə, düşünürəm ki, sizin Ermənistanda təmaslarınız zamanı bu məsələ də müzakirə ediləcək. Çünki əgər bizim Ermənistanla sülh sazişimiz olmasa, bu, o deməkdir ki, sülh də yoxdur. Təkcə iki ölkə arasında deyil, həm də Cənubi Qafqazda sülh yoxdur. Bizə sülh və dayanıqlı inkişaf, proqnozlaşdırılma, sıfır müharibə riski lazımdır, bizə müharibə lazım deyil. Bizə əvvəl də müharibə lazım deyildi.

Beləliklə, düşünürəm ki, bu, bizim fəal əməkdaşlıq edə biləcəyimiz sahələrdir. Şadam ki, Avropa İttifaqı regional məsələlərdə öz iştirakını nümayiş etdirir və sizin səfəriniz bunun aydın göstəricisidir. Biz Cənubi Qafqazda sülh, barışıq, inkişaf və əməkdaşlıq işinə xidmət edən istənilən iştirakı qiymətləndiririk.

Müharibədən əvvəlki vəziyyətə gəlincə, mən, sadəcə olaraq, bir daha öz mövqeyimizi ifadə etmək istəyirəm. Azərbaycan hər zaman Ermənistanla münaqişənin sülh yolu ilə həllinə sadiq olub və bizim 28 il ərzində Minsk qrupu yaradılandan etibarən danışıqlar prosesində olmağımız faktının özü bunun aşkar göstəricisidir. Biz məsələni sülh yolu ilə həll etmək istəyirdik və danışıqlar prosesinin müxtəlif dövrlərində ümidlərimiz var idi".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu