Mikayıl Cabbarov Ramiz Mehdiyevi “vurub” keçdi – Seçkidən sonra ...


Qarşıdan növbədənkənar prezident seçkiləri gəlir. Nəticəsi artıq məlumdur: Azərbaycanın hazırkı dövrdə tək və məğlubedilməz lideri İlham Əliyevdir. O, artıq xalqın yaddaşında və seçimində öz yerini etməyi bacarıb: 200 illik məğlubiyyət sindromunu darmadağın etməklə!


Seçkilərdən sonrakı proseslər indidən müzakirə predmetidir. Bəzi məlumatlara görə, ciddi islahatlar olacaq, bir sıra qurumlar ləğv ediləcək, yeni qurumlar yaradılacaq, bəzi yüksək vəzifələrə yeni təyinatlar olacaq. Rəylərə görə, seçkidən sonra siyasi, hüqiqi, sosial-iqtisadi sahədə islahatlar dərinləşəcək. Nazirlər Kabinetində ciddi struktur dəyişiklikləri də gözlənən islahatlar sırasındadır. Ölkəmizin bu illər ərzində iki böyük hədəf vardı: ərazi bütövlüyümüzü təmin etmək və iqtisadi-sosial inkişafa nail olmaq. Birinci hədəfimizə artıq çatmışıq, torpaqlarımızın suverenliyi bərpa edilib. Artıq vətəndaşın rifahını yaxşılaşdırmaq üçün addımlar atılmalıdır. Bunun üçün də təbii olaraq kadr dəyişikliklərinə ehtiyac yaranır. Bu kadrlardan biri də iqtisadiyyat naziri Mikayıl Cabbarovdur.
Dövlətçilik fəlsəfəsindən, təcrübəsindən məlumatlı olan hər kəs bilir ki, hansısa qüvvələrin dövlət idarəetməsində şəriksiz üstünlüyə sahib olması çox tezliklə mənfi fəsadlar doğurur. Ramiz Mehdiyevin timsalında Azərbaycan xalqı, dövləti belə fəsadı artıq yaşayıb. İndi isə yenidən hakimiyyət daxilində Mikayıl Cabbarovun timsalında böyük qruplaşmanın formalaşmasının şahidiyik. Təəssüf ki, Azərbaycanda ən geniş səlahiyyətlərə malik nazirliyə rəhbər təyin olunan cənab Cabbarov üzərinə qoyulan çox mühüm vəzifələrin icrasında canfəşanlıq etməkdənsə, digər mərkəzi icra hakimiyyəti orqanlarını özünə tabe etməyə daha çox diqqət yetirdi.

2019-cu ildə Vergilər Nazirliyi, Dövlət Əmlak Komitəsi kimi hər biri kifayət qədər böyük olan qurumlar İqtisadiyyat Nazirliyinə birləşdirildi və başına M.Cabbarov gətirildi. Bundan sonra bir çoxları onun Fazil Məmmədovdan sonra vergi orqanlarında həyata keçirdiyi dəyişiklikləri rəhbərlik edəcəyi digər sahələrdə də tətbiq edəcəyini gözləyirdilər. Lakin gözləntilər doğrulmadı, əksinə, İqtisadiyyat Nazirliyinin tabeliyinə verildikdən sonra bir çox sahələrdə şəffaflıq, hesabatlılıq daha da azaldı.
Qəbul edilən yeni qanunlar, qərarlar vətəndaşın mənafeyinə qulluq etmir. Əksinə, bu istiqamətdə əvvəlki illərdə qəbul edilmiş qanun və qərarlar da dəyişdirilir, vətəndaşlara yeni öhdəliklər qoyulur. Məsələn, Vergi Məcəlləsinə edilən dəyişikliklə bu ildən Azərbaycanda muzdlu işçilərinin orta aylıq sayı 3-dən az olan və məcburi dövlət sosial sığorta haqları üzrə borcu olan mikro sahibkarlar gəlirlərinin 5 %-i qədər deyil, 20 %-i qədər vergi ödəyəcəklər. Yəni onlar üçün 75 %-lik vergi güzəşti və azadolma tətbiq edilməyəcək.
M.Cabbarovun rəhbərlik etdiyi sahədə vətəndaşın mənafeyinə ziddi olan belə bir dəyişiklik təbii ki, özbaşına edilmədi. Bu, birbaşa yeni “fövqəlnazir“in təşəbbüsü və yaxud razılığı ilə reallaşdırıldı. Belə olan halda, gözlənən sosial rifah necə təmin edilə bilər?
Müqayisə üçün qeyd edək ki, qüvvədə olan Vergi Məcəlləsinə əsasən, gəlirlərin və xərclərin uçotunu aparan mikro sahibkarlıq subyekti olan fərdi sahibkarların sahibkarlıq fəaliyyətindən gəlirinin 75 faizi gəlir vergisindən azaddır. Sahibkarlıq subyektlərinin bölgüsü Nazirlər Kabinetinin 2018-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü Meyarları” ilə tənzimlənir. Qərara əsasən, işçilərinin orta sayı 1-10 nəfər olan və illik gəliri 200 min manatdan az olan şəxslər mikro sahibkarlıq subyekti kimi tanınır.

Aidiyyatı qurumlar bu dəyişikliyin vergidən yayınma hallarının qarşısını almaq üçün edildiyini bildirsələr də, bunun kiçik sahibkarlığın çöküşünə gətirib çıxaracağını söyləyənlər də var. İkincilərin qənaətinə görə, azərbaycanlı həmkarlarından daha çox vergi toplayan Gürcüstan vergiçiləri illik dövriyyəsi 165 min dollaradək (270 min manata yaxın) olan xırda sahibkarlıq subyektlərinin gəlirlərini 1 faiz dərəcə ilə vergiyə cəlb edirlər. Göründüyü kimi, bu sahəyə rəhbərlik edənlərin, daha dəqiqi, Mikayıl Cabbarov və komandasının (komandada təmsil olunan qohumlar haqda aşağıda məlumat veriləcək-red.) təbirincə, sahibkar soğan qabığı kimi soyulmalıdır, bu isə iqtisadi inkişafa yox, tənəzzülə səbəb ola biləcək addımdır. Çünki iqtisadiyyatın özəyini kiçik sahibkarlıq təşkil edir. Vətəndaşın sosial rifahı da birbaşa kiçik sahibkarlığın inkişafından, rifahından asılıdır.
M.Cabbarov bu vəzifəyə təyin ediləndə ona böyük etimad göstərilmiş oldu. Lakin o bu etimada böyük zərbə vurdu: qohum-əqrəbasını vəzifəyə gətirməklə. Onun qohum siyasəti ilə bağlı tanınmış jurnalist Eynulla Fətullayev bir müddət əvvəl yazmışdı: “Uzun illər ərzində Azərbaycan məmurlarını qohumbazlıq sindromuna görə tənqid edib ittiham edirdik. Hətta Nazirlər Kabinetini qeyri-rəsmi Qudalar Kabineti adlandırıb, nepotizmə – yəni, yaxın qohumların və dostların peşəkar keyfiyyətlərinə görə yox, şəxsi münasibətlərə görə irəliyə çəkilməsinə, eyham vururduq. Lakin cəmiyyətimizin həyatında islahat şüarı ilə Mikayıl Cabbarov peyda oldu. Əski sistemi viran etsə də, fəqət yeni siyasətin bəhrələrinin intizarındayıq. Amma intizar çox çəkdi… Səbrli millətik, gözləyərik!
Lakin diqqətimi çəkən dövlət vəzifələrində, biznes institutlarında, iyerarxiyada Mikayıl müəllimin xeyli sayda qohumlarının peyda olunmasıdır. Hara ayağını basırsan Mikayıl müəllim və ya onun qohumları üzə çıxır. Sual doğur – bəs bu istedadlı şəxslər niyə əvvəllər öz qabiliyyətlərini ifadə etmirdi? Nə baş verdi birdən-birə? Bu möcüzənin səbəbi və ya səbəbkarı kimdir və ya nədir? Səbəb – nepotizm, səbəbkar isə Cabbarovlar klanının xaç atası Mikayıl müəllimdir. Özü də ki, bu hörmətli şəxslərin hamısı birdən-birə var-dövlətə sahib çıxıb, zəngin həyat sürdülər. Vicdanla danışsaq, heç Ramiz Mehdiyevin hakimiyyətdə bu qədər qohum-əqrəbası olmayıb…Bəs maraqların konflikti? Bəs nepotizm? Bəs islahat? Bəs abır-həya?
Mütləqi-hakim Cabbarovun xalası oğlu Elnur Əliyev elə iqtisadiyyat nazirinin müavini vəzifəsində, bacanağı Zakir İbrahimov “Azərgold”un başında, dayısı oğlu Balaş Qasımov İTV-nin rəhbəri kürsüsündə, o biri qohumu Camal Qasımov Vergilər Nazirliyində Vergi Auditi Departamentinin baş direktoru postunda… Siyahını uzatmaq da olar. Məsələn, bu günlərdə Cabbarovun yaxın qohumu Abdulla Tağıyev “SOCAR Petroleum” QSC-nin baş direktoru vəzifəsinə əyləşdirildi…”
E.Fətullayevin adını çəkdiyi Elnur Əliyev iqtisadiyyat nazirinin birinci müavini postunu tutsa da, əsas vəzifəsi media ilə işdir. Bu barədə ayrıca yazımız olacaq.
Bunlardan əlavə, Xarici işlər naziri Ceyhun Bayramov, Mənzil İnşaatı Dövlət Agentliyinin rəhbəri Sadiq Sadiqovun da iqtisadiyyat nazirinin komandasına daxil olduğu qeyd edilir.
Aydın olan odur ki, sahibkarların problemlərini öyrənib onu aradan qaldırmaq, inhisarçılara qarşı mübarizə aparmaq, vergidənyayınmanın qarşısını almaq, dövlət əmlakını idarə etmək, istehlakçıların hüquqlarını qorumaq kimi əksqütblü funksiyaları əlində cəmləyən M.Cabbarov bu çox böyük miqyaslı vəzifələrin icrasından vaxt tapıb hakimiyyət daxilində öz komandasını da formalaşdırmaqdadır... Arada bir başını qaldırıb yeni qərarların qəbuluna vaxt ayırır, onda da vətəndaşın “belini qırır”.

AFN.az-ın Araşdırma qrupu



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu