Ağ Ev: Tramp Suriyaya qarşı sanksiyaları ləğv edəcək

Ağ Ev ABŞ Prezidenti Donald Trampın Suriyaya qarşı tətbiq edilən sanksiyaları ləğv edəcək prezident fərmanı imzalayacağını açıqlayıb.
Ağ Evin sözçüsü Karoline Leavitt gündəlik mətbuat brifinqində jurnalistlərin suallarını cavablandırıb.
Leavitt bildirib ki, Tramp bu gün günortadan sonra ABŞ-ın Suriyaya qarşı sanksiya proqramını sona çatdırmaq üçün prezident fərmanı imzalayacaq. “Bu qərar, ölkənin sabitlik və sülh yolunda irəliləməsini dəstəkləmək və təşviq etmək məqsədi daşıyır,” – deyə o əlavə edib.
Fərmanla bağlı detalları açıqlayan Leavitt bildirib ki, yeni fərman Suriyaya qarşı ümumi sanksiyaları ləğv etsə də, sabiq dövlət başçısı Bəşər Əsəd və onun tərəfdarları, insan haqları pozuntularında iştirak edənlər, narkotik qaçaqçıları, kimyəvi silah fəaliyyəti ilə əlaqəsi olan şəxslər, İŞID və ona bağlı qruplar, eləcə də İranın bölgədəki nümayəndələrinə qarşı sanksiyalar qüvvədə qalacaq.
Leavitt həmçinin qeyd edib ki, Tramp Yaxın Şərq səfəri çərçivəsində Suriyanın yeni lideri ilə görüşüb və sanksiyaların ləğvi ilə bağlı vəddə bulunub.
O əlavə edib ki, prezident Tramp sabit, birləşmiş və həm öz xalqı, həm də qonşuları ilə barış içində olan bir Suriya ideyasını dəstəkləməkdə qətidir.