Qəzzada atəşkəsə nail olmaq üçün Dohada danışıqlar yenidən başlayıb
Misir mətbuatı oktyabrın 7-dən bəri ağır hücumlara məruz qalan Qəzzada atəşkəsin əldə edilməsi məqsədi ilə Qətərin paytaxtı Dohada danışıqlara yenidən başlandığını bildirib.
Misirdə hökumətə yaxın olan Əl-İxbariyyə xəbər kanalı etibarlı mənbələrə əsaslanaraq Qəzza zolağında atəşkəsə nail olmaq üçün Qətərin paytaxtı Dohada ekspertlər səviyyəsində danışıqlara başlanıldığını açıqlayıb.
Danışıqların nə vaxt başladığı və hadisələrin inkişafı ilə bağlı ətraflı məlumat verilməsə də, mövzu ilə bağlı digər əlaqədar tərəflərdən hələlik rəsmi açıqlama verilməyib.
Xəbərdə o da bildirilib ki, görüşlər Dohadakı danışıqlardan sonra Qahirədə davam etdiriləcək.
Digər tərəfdən İsrailin Kanal 12 televiziyası bir İsrail rəsmisinə istinadən Qəzzada saxlanılan məhbusların azad edilməsi üçün aparılan danışıqlarda irəliləyişin əldə edildiyini və yaxın bir neçə gün ərzində bu məsələni müzakirə etmək üçün Qətərə bir nümayəndə heyətinin göndəriləcəyini bildirib.
İsrail rəsmi televiziyası isə xatırladıb ki, Qahirədəki əvvəlki görüşlərdə Həmas əsir mübadiləsi üçün Qəzzada müharibənin dayandırılması şərtində israr etmişdi.