"Volkswagen" 114 mindən çox avtomobili geri çağırır
"Volkswagen" avtomobil istehsalçısı təhlükəsizlik yastıqları ilə bağlı problemə görə Amerika bazarından 114,5 min avtomobili geri çağıracaq.
AFN.az-ın xəbərinə görə, bu barədə ABŞ-ın Avtomobil Yollarının Hərəkətinin Təhlükəsizliyi üzrə Milli Administrasiyasının məlumatlarına istinadən "Reuters" bildirib.
Agentliyin məlumatında qeyd edilir ki, geri çağırılma 2006-cı ildən 2019-cu ilə qədər olan "Beetle" və "Passat" modellərinə təsir edəcək. Səbəb sürücü tərəfindəki ön hava yastığının nasazlığıdır. Yaranmış problem nəticəsində yastıqlar yüksək temperaturun təsiri altında kortəbii işə düşə bilər ki, bu da öz növbəsində sürücü və sərnişinlər üçün təhlükəlidir.
Bu avtomobillərin sahibləri nasaz hissələrin pulsuz dəyişdirilməsi üçün "Volkswagen" dilerləri ilə əlaqə saxlaya bilərlər.