VotsApp-a tərcümə funksiyası gəlir
VotsApp istifadəçilərin xarici dil baryerini aşmasını asanlaşdıracaq yeni funksiyanı təqdim edib. Mesaj Tərcüməsi (Message Translation) xüsusiyyəti sayəsində artıq gələn mesajı başqa tətbiqlərə kopyalayıb yapışdırmağa ehtiyac qalmadan, birbaşa VotsApp daxilində tərcümə etmək mümkün olacaq.
Yeni funksiya həm şəxsi yazışmalarda, həm qrup söhbətlərində, həm də kanallarda istifadə edilə biləcək. Xarici dildə mesaj aldığınızda:
- Mesajın üzərinə uzun müddət basırsınız.
- “Tərcümə et” seçimini klikləyirsiniz.
- Tərcümə etmək istədiyiniz dili seçirsiniz.
Android istifadəçiləri əlavə olaraq bütün söhbət yazışmalarını avtomatik tərcümə edə biləcəklər. Həmçinin tərcümə paketlərini yükləyərək oflayn istifadə də mümkün olacaq.
Məxfilik ön planda
WhatsApp bildirib ki, tərcümələr tamamilə cihaz üzərində həyata keçirilir və heç bir məlumat serverlərə göndərilmir. Beləliklə şirkət belə tərcümə məlumatlarına çıxış əldə edə bilmir və söhbətlərin məxfi qalacağına zəmanət verilir.
Dil seçimləri
- Android: İngilis dili, ispan dili, hind dili, portuqal dili, rus dili və ərəb dili.
- iPhone: 19-dan çox dil dəstəyi ilə daha geniş seçim imkanı.
Şirkət yaxın yeniləmələrdə daha çox dilin əlavə olunacağını açıqlayıb.
Əlavə funksiya: Süni intellekt dəstəkli yazı köməkçisi
Tərcümə funksiyası ilə yanaşı VotsApp Writing Help adını verdiyi yeni süni intellekt alətini də təqdim edib. Bu vasitə yazdığınız mesajları müxtəlif üslublarda tənzimləməyə və daha təsirli ünsiyyət qurmağınıza kömək edəcək.
Bu yeniliklərlə VotsApp fərqli dillərdə ünsiyyəti daha asan, təhlükəsiz və fərdi etməyi hədəfləyir.

