VotsApp-a “yaxın dostlar” funksiyası gəlir
VotsApp istifadəçilərin 24 saat ərzində silinən Status paylaşımlarını daha şəxsi hala gətirəcək yeniləmə üzərində işləyir. Instagram-dakı “Close Friends” seçiminə bənzər şəkildə artıq statusları yalnız seçilmiş yaxın çevrə ilə bölüşmək mümkün olacaq.
İndiyədək VotsApp status paylaşımları üçün üç seçim təqdim edirdi:
Bütün kontaktlarım,
Bunlardan başqa kontaktlarım,
Yalnız bu kontaktlarla paylaş.
Sonuncu seçim əksər hallarda gizli “yaxın dostlar siyahısı” yaratmaq üçün istifadə olunurdu. Yeni funksiya isə bu prosesi daha asan və istifadəçi dostu edəcək.
Necə işləyəcək?
WABetaInfo-ya görə, funksiya artıq VotsApp-ın son TestFlight versiyasında sınaqdan keçirilib. İstifadəçilər məxfilik ayarlarından xüsusi bir Yaxın Dostlar siyahısı yarada biləcəklər. Status paylaşarkən seçim etmək mümkün olacaq: ya bütün kontaktlarla, ya da yalnız bu siyahı ilə paylaşmaq.
Yaxın dostlarla bölüşülən statuslar Instagram-da olduğu kimi xüsusi rəngli dairə ilə işarələnəcək. Siyahı tamamilə gizli olacaq. Kimlərin əlavə olunduğunu və ya çıxarıldığını başqaları görə bilməyəcək.
Bu yenilik göstərir ki, istifadəçilər artıq bütün kontaktlarına yayım etmək əvəzinə daha seçici və şəxsi paylaşımlara üstünlük verir. VotsApp da bu meyli nəzərə alaraq həm bağlılığı, həm də idarəetməni ön plana çıxarır.

