Instaqram və VotsApp istifadəçilərlə dialoqa başlayacaq

Meta istifadəçilərlə daha çox qarşılıqlı əlaqə qurmaq məqsədilə süni intellekt söhbət botunun keçmiş yazışmalar əsasında “izləmə mesajları” göndərəcəyi yeni funksiyanı test edir. Business Insider-in xəbərinə görə, Meta AI istifadəçidən heç bir sorğu gəlmədən ilk mesajı göndərir və əvvəlki mövzulara əsaslanaraq söhbəti yenidən başladır.
Bu yeni funksiya Messencer, Instaqram və VotsApp kimi platformalarda tətbiq olunacaq.
Test mərhələsində istifadə edilən bir nümunə söhbət botu olan “Film Sehrbazı” (The Maestro of Movie Magic) istifadəçiyə “Bu axşam üçün film tövsiyəsi istəyirsiniz?” kimi suallarla birbaşa mesaj göndərir.
Bot istifadəçinin əvvəllər başlatdığı söhbətləri əsas götürərək təkrar əlaqə qurur.
Sistem Alignerr şirkətinin hazırladığı təlimatlar əsasında hazırlanır.
Meta və Alignerr birlikdə fərdiləşdirilə bilən süni intellekt botlarının təlimi və gələcəkdə bu botların istifadəçilərlə proaktiv (öz təşəbbüsü ilə) ünsiyyət qurması üzərində çalışırlar.
Yeni funksiyanın detalları
TechCrunch saytına danışan Meta sözçüsü bildirib ki, bu funksiya istifadəçilərlə öz-özünə yenidən əlaqə yaratmaq məqsədilə sınaqdan keçirilir və məqsəd istifadəçi fəallığını artırmaqdır.
Meta AI yalnız o zaman mesaj göndərə biləcək ki, istifadəçi son 14 gün ərzində botla ən az bir dəfə danışmış olsun.
Bundan əlavə, istifadəçinin süni intellekt botu ilə ən azı 5 mesajlıq söhbət tarixi olmalıdır.
Əgər istifadəçi ilk izləmə mesajına cavab verməzsə, bot ikinci dəfə mesaj göndərməyəcək.
Meta AI Studio vasitəsilə istifadəçilər öz təcrübələrinə uyğun fərdi süni intellekt botları yarada biləcəklər. Gələcəkdə bu botlar da istifadəçilərə öz təşəbbüsü ilə mesaj yazan sistemlərə çevrilə bilər.
Meta AI-nin yüksəlişi və yeni inteqrasiyaları
Meta AI artıq Feyzbuk, Messencer və Instaqram-da söhbət etmək, stiker yaratmaq, foto düzəlişləri aparmaq kimi funksiyaları yerinə yetirir.
Bu ilin əvvəlində VotsApp-a da inteqrasiya edilmişdi.
Bundan əlavə, istifadəçilər süni intellektlə apardıqları söhbətləri “Kəşf et” bölməsində paylaşa bilirlər. Lakin bu, bəzən istifadəçilərin şəxsi məlumatlarının onların xəbəri olmadan yayılmasına səbəb ola bilər.
Tənqidlərə açıq qapı
Meta-nın bu yeni funksiyası istifadəçi məxfiliyi və məlumat təhlükəsizliyi baxımından bəzi suallar doğura bilər. Spam əleyhinə mexanizmlər tətbiq olunsa da, süni intellekt tərəfindən göndərilən bu gözlənilməz mesajlar bəzi istifadəçiləri narahat edə bilər.
Xüsusilə sosial media platformalarında süni intellektlə qurulan münasibətlərin sərhədləri hələ də müzakirə mövzusudur.