"WhatsApp" məcburi süni intellekt alətini müdafiə edib

"Meta"nın "WhatsApp" mesajlaşma proqramına inteqrasiya etdiyi yeni süni intellekt xüsusiyyəti istifadəçilər tərəfindən silinə bilməsə də, tamamilə istəyə bağlı olaraq xarakterizə edilir.
Proqramın söhbət ekranındakı mavi dairəvi formalı "Meta AI" ikonu istifadəçilərə süni intellektlə işləyən chatbotla əlaqə saxlamağa imkan verir. Lakin bu funksiyanın tətbiqdən silinə bilməməsi sosial mediada tənqidlərə səbəb olub.
"WhatsApp"-dan BBC-yə verilən açıqlamada "Biz istifadəçilərə seçim imkanının verilməsinin vacib olduğuna inanırıq və daim rəyləri nəzərə alırıq" deyə qeyd edilib.
Şirkət "Meta AI" xüsusiyyətini tətbiqdəki "kanallar" və "status" kimi digər davamlı funksiyalarla müqayisə edib.
Qeyd edək ki, "Meta AI" təkcə "WhatsApp"da deyil, "Meta" çətiri altında "Instagram" və "Facebook Messenger" platformalarında da oxşar şəkildə mövcuddur. AI robotu "Meta"nın Llama 4 adlı böyük dil modeli ilə işləyir.
Yeni funksiya ilə söhbət ekranının yuxarı hissəsinə “Meta AI-dan soruş və ya zəng et” ifadəsini ehtiva edən axtarış paneli əlavə edilib. Lakin bu funksiya hazırda yalnız müəyyən ölkələrdəki istifadəçilər üçün əlçatandır.
"Meta" istifadəçilərə xəbərdarlıq edib ki, bu funksiyanın tətbiqi tədricən olacaq və dərhal hamı üçün əlçatan olmaya bilər.
“WhatsApp” iddia edir ki, süni intellektə malik çatlar yalnız istifadəçi tərəfindən paylaşılan mesajlara daxil ola bilir, digər şəxsi söhbətlər isə uçdan-uca şifrələmə ilə qorunur.
Lakin ekspertlər bu məsələdə diqqətli olmaq lazım olduğu qənaətindədirlər. Süni intellekt və gizlilik sahəsində çalışan Dr. Kris Şrişak "Meta"nın istifadəçilərdən test subyektləri kimi istifadə etdiyini iddia edib.
Şrishak, "Heç kəs süni intellektdən istifadə etməyə məcbur edilməməlidir. "Meta" bu modelləri internetdə topladığı şəxsi məlumatlar və pirat kitablarla öyrətdi. İndi məhkəmələr bu prosesi sorğulayarkən, şirkət yeni məlumat mənbələri axtarışında ola bilər" deyib.
"The Atlantic" jurnalı tərəfindən aparılan bir araşdırma, "Meta"nın süni intellekt modellərini öyrətmək üçün pirat kitablar və akademik məqalələr ehtiva edən "LibGen" (Library Genesis) platformasına daxil ola biləcəyini ortaya qoyub. Bu vəziyyət yazıçılar tərəfindən böyük tənqidlə qarşılanıb.
Bəzi yazarlar tərəfindən "Meta" ilə bağlı davam edən məhkəmə çəkişmələri var. Şirkət "The Atlantic"in iddialarını şərh etməkdən imtina edib.
Böyük Britaniyanın İnformasiya Komissarlığı məsələ ilə bağlı açıqlamasında "WhatsApp"da "Meta AI"nin tətbiqini və şəxsi məlumatların istifadəsini yaxından izlədiklərini bildirib.
"Süni intellekt sistemlərinin inkişafı üçün şəxsi məlumatlardan istifadə ciddi məsuliyyət tələb edir. Xüsusilə uşaq məlumatlarının emalı ilə bağlı əlavə tədbirlər görülməlidir", - Komissarlığın bəyanatında deyilir.