Xaricdən gələn azərbaycanlılar ölkəyə quru yolla niyə buraxılmır?


İqtisadçı ekspert Natiq Cəfərli Gürcüstandan yas məclisindən dönərkən qarşılaşdığı mənzərə ilə bağlı yazıb.



AFN.az xəbər verir ki, o, Azərbaycan vətəndaşlarının quru yolla ölkəyə daxil ola bilməməsini tənqid edib: "Məlum hadisəyə görə Gürcüstandaydım, yas mərasimindən sonra bu gecə Bakıya döndüm və hökumətə, dövlətimizə ciddi sualım var: Quru sərhədlər 5 ildən çoxdur ki, bağlıdır, aydın izahı da yoxdur, tamam, son zamanlar “təhlükəsizlik” məsələsi deməyə başladılar, bunu da anlayışla qarılamağa çalışdıq. Bəs Azərbaycan öz vətəndaşını ölkəmizə niyə buraxmır?



Hörmətli hökumət, ölkədən quru yolla çıxışa Azərbaycan vətəndaşlarına məhdudiyyət qoyduz. Bir tək Naxçıvan qeydiyyatı olanlardan başqa – onlara quru yolla ölkədən çıxış sərbəstdir, doğru olan da budur, çünki, onlar Türkiyə və İranla əlaqələri olmasa, iqtisadi durumları daha da pis olar, burası aydındır, xarici vətəndaşlar quru yolla ölkədən sərbəst çıxa bilirlər, bu da məlumdur. Bəs Azərbaycan öz vətəndaşını ölkəmizə niyə buraxmır? Bu nə məntiqdir, bunun “təhlükəsizliklə” nə əlaqəsi var?! Yəni, Azərbaycan vətəndaşı uçaqla gəlir Tiflisə, 2-3 gün öz işini görür, toyda-yasda iştirak edir, o niyə məhz təyyarə ilə qayıtmalıdır ki? Nədir bunun hikməti, Azərbaycan vətəndaşı öz ölkəsinə, öz vətəninə niyə quru yolla keçə bilməz? Ölkədən quru yolla çıxmağa qadağa qoyduz, anladıq, bəs ölkəyə qayıtmağa niyə qadağa olmalıdır? Dünyada hansı ölkə, dövlət, qapısına qədər gəlmiş öz vətəndaşını vətəninə, ölkəsinə buraxmır – belə bir örnək varmı?"



N.Cəfərli qeyd edib ki, yay aylarında Tiflis istiqamətinə təlabat həddən artıq çox olur: "Bilet tapılmır. Təsəvvür edin ki, yasa gəlmiş qardaşım oğlu üçün dünən gecə Tiflis-Antaliya-Bakı marşrutu üzrə bilet tapmışıq. Tiflisdən uçdu Antalyaya, 14 saat orda qalacaq, bu gün axşam ordan Bakıya uçacaq – absurd deyilmi bu?



Yaxud da Qazağın kəndlərinin birində çox yaxın qohumumuz yaşayır, yasa gəlmək istədi, mən fikrindən yayındırdım, onların kəndindən Cürcüstandakı bizim kəndə 80 km yoldur, quru yolla 1 saata maşınla gəlmək olur, amma o yasa gəlmək üçün 530 km Qazaxdan Bakıya gəlməli, Bakıdan 1 saat təyyarə ilə uçmalı, hava limanından taksi ilə 1 saata yas yerinə gəlməli idi, geri dönəndə də eyni qaydada öz evinə qayıtmalı idi – belə də iş olar?"



Ekspert Gürcüstanda soydaşlarımızla bağlı məsələyə toxunub: "Onlar da bizimdi, onlar qanımızın - canımızın bir parçasıdırlar. Gürcüstanda yüz minlərlə soydaşımız yaşayır, onlar Azərbaycanla nəfəs alır, Azərbaycanla fəxr edirlər, hər bir evdə Azərbaycan bayrağı, Azərbaycan sevgisi var – bunu unutmayın!"




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu