Sərhədlərin bağlı qalması Azərbaycanda turizmin inkişafını əngəlləyir


Azərbaycanın quru sərhədlərinin bağlı saxlanması ölkə ictimaiyyəti, həmçinin ekspertlər tərəfindən tənqid olunmaqdadır. Hətta Çin kimi ən sərt pandemiya məhdudiyyətləri tətbiq edən ölkə belə quru sərhədlərini açdıqdan sonra Azərbaycanda sərhədlərin qapalı saxlanması birmənalı qarşılanmır.

AFN.az xəbər verir ki, iqtisadçı-ekspert Natiq Cəfərli durumu şərh edib. Ekspertin fikrincə, sərhədlərin açılmaması Azərbaycanda turizmin inkişafına ciddi maneə yaradır: “2022-ci ildə Gürcüstana 5,4 milyon nəfər xarici vətəndaş səfər edib, turizm gəlirləri 3,5 milyard dollara yaxın olub. 2022-ci ildə Azərbaycana 1,6 milyon xarici ölkə vətəndaşları səfər edib, keçən ildə ölkənin turizm gəlirləri, ən yaxşı halda 1,5 milyard dollar olacaq (hesabatlar çıxanda dəqiq biləcəyik).
Gürcüstana dünyanın 40-a yaxın avişirkəti uçur, quru sərhədləri də açıqdır. Azərbaycanda hava yolu ilə sərnişin daşımanın 90 faizi AZAL və BUTA-nın payına düşür, quru sərhədlər də absurd bəhanələrlə bağlıdır.
Gürcüstan hökuməti yaxın 5 ildə turist sayını 10 milyon nəfərə, bu sahədən gələn gəlirləri isə 8 milyard dollara çatdırmağı düşünür.
Azərbaycan hökuməti də elan edib ki, 2026-cı ildə xaricdən ölkəyə gələn turist sayı 4 milyon nəfəri, xarici turistlərdən gələn gəlir isə 3 milyard dolları keçəcək”.
Ekspertin sözlərinə görə, Gürcüstan hökuməti hədəflərinə çatmaq üçün ölkəni daha çox açmağı, qaydaları daha da sadələşdirməyi düşünür: “Məsələn, 2022-ci ildə ölkəyə 10 yeni avişirkət uçmağa başlayıb və 9 yeni istiqamət üzrə uçuşlar başlayıb. Bundan başqa, Gürcüstan hökuməti yaxın 5 ildə hər il turizmlə məşğul olan şirkətlərə və müxtəlif yeni inftrastruktur layihələrinə 250 milyon lariyə yaxın təşviq paketi ayıracağını elan etdi. Azərbaycan hökumətinın 2026-cı illə bağlı planları isə yaxşı sağlığa bənzəyir, çünki nə xroniki problemlərlə, nə inhisarçılıqla bağlı heç bir addım atmaq istəmir..."

FAMİL



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu