Aİ-nin əhalisi 450 milyonu keçdi

Avropa İttifaqına (Aİ) üzv olan 27 ölkənin ümumi əhalisi 2025-ci il etibarilə 450,4 milyon nəfərə çatıb.
Avropa Statistika İdarəsi (Eurostat) Aİ ölkələrinin 1 yanvar 2025 tarixindəki əhali göstəricilərini açıqlayıb.
Məlumata görə, 2024-cü ilin əvvəlində 449,3 milyon olan Aİ-yə üzv 27 ölkənin ümumi əhalisi 2025-ci ildə 450,4 milyon nəfərə yüksəlib.
Almaniya 83,6 milyon nəfərlə Aİ-nin ən çox əhaliyə sahib ölkəsi olub. Onu 68,6 milyon nəfərlə Fransa, 58,9 milyonla İtaliya, 49,1 milyonla İspaniya, 36,5 milyonla Polşa, 19 milyonla Rumıniya, 18 milyonla Niderland və 11,9 milyonla Belçika izləyib.
Aİ-nin ən az əhalisi olan ölkələri isə 574 min nəfərlə Malta və 681 min nəfərlə Lüksemburq olub.
Beləliklə, Aİ əhalisi 2021-ci ildə COVID-19 pandemiyasının təsirləri səbəbilə yaşanan azalmadan sonra ardıcıl 4 il artım göstərib.
Əhalidəki bu artım xüsusilə pandemiya sonrası artan miqrasiya hərəkətləri ilə əlaqələndirilir.