Afrikanın 4 milyarderi qitə əhalisinin yarısından varlıdır


Afrikanın ən zəngin 4 milyarderi qitə əhalisinin yarısına, 750 milyon nəfərə bərabər olan insanların ümumi sərvətindən daha çox var-dövlətə sahibdir.



Beynəlxalq yardım təşkilatı Oxfam tərəfindən yayımlanan “Afrikada gəlir bərabərsizliyi və super zənginlərin yüksəlişi” adlı hesabatda bildirilir ki, qitədə gəlir bərabərsizliyi heç vaxt olmadığı qədər dərinləşib.



Hesabatda qeyd olunur ki, qitə əhalisinin üçdə birindən çoxuna uyğun gələn 460 milyon insan həddindən artıq yoxsulluq səviyyəsinin altında yaşayır və bu göstəricinin durmadan artdığına diqqət çəkilir.



Afrikanın dünyada zənginlərin sərvətinin ən sürətli artdığı və yoxsulluqla mübarizənin ən zəif getdiyi bölgələrdən biri olduğu qeyd edilən hesabatda, qitənin ən zəngin dörd şəxsi olaraq nigeriyalı iş adamı Aliko Dangote, cənubi afrikalı Johann Rupert və Nicky Oppenheimer, eləcə də misirli Nassef Saviris göstərilib.



Hesabatda bu dörd şəxsin ümumilikdə 57,4 milyard dollar sərvətə sahib olduğu və bu məbləğin qitə əhalisinin yarısına bərabər olan 750 milyon insanın ümumi sərvətindən daha çox olduğu bildirilir.



Bu gəlir bərabərsizliyinin siyasi iradə çatışmazlığından qaynaqlandığına diqqət çəkilən hesabatda, Afrika hökumətlərinin zənginlərə qarşı xüsusi vergi siyasəti tətbiq etmədiyi vurğulanır.



Hesabatda o da qeyd olunur ki, varlı şəxslər sərvətlərini əsasən xaricə köçürərək vergi sistemindən kənarda qalmağa nail olurlar.



Afrikanın ən varlı insanlarından alınacaq 1% əlavə sərvət vergisi və 10% əlavə gəlir vergisinin qitədə təhsil və elektrikə çıxış kimi əsas problemlərin həllinə yetərli olacağı bildirilib.



Hesabatda 2000-ci ildə Afrikada heç bir dollar milyarderinin olmadığı, bu gün isə qitə üzrə 23 milyarderin mövcud olduğu vurğulanır. Bu şəxslərin ümumi sərvətinin son 5 ildə 56% artdığı qeyd olunur.



Hesabatda həmçinin gender bərabərsizliyinin şəxsi sərvətlərə təsiri vurğulanaraq, kişilərin malik olduğu sərvətin qadınlarınkından 3 dəfə çox olduğu bildirilib.



Bu baxımdan Afrika genderə əsaslanan ən böyük sərvət fərqinə sahib qitə kimi də qeydə alınıb.



Aşırı gəlir bərabərsizliyinin yalnız yoxsulluğun azalmasına və iqtisadi artıma mane olmaqla kifayətlənmədiyi, eyni zamanda demokratiyanı zəifltdiyi və cəmiyyət daxilində gender bərabərsizliyini daha da dərinləşdirdiyi qeyd olunur.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu