Okan Buruk: Öncəliyimiz Osimhendir

"Galatasaray"ın baş məşqçisi Okan Buruk yay transfer pəncərəsində klubun planları ilə bağlı vacib açıqlamalar verib. Təcrübəli çalışdırıcı, xüsusilə Hakan Çalhanoğlu və Victor Osimhen barədə danışıb.
AFN.az xəbər verir ki, o, İtaliya nəhəngi "Inter"in futbolçusu Hakan Çalhanoğlu ilə maraqlandıqlarını təsdiqləsə də, bu transferin asan olmayacağını bildirib:
"Inter"in Hakan Çalhanoğlu üçün müəyyən gözləntiləri olacaq. Bu, normaldır. Hazırda təcili ehtiyaclarımız olan mövqelər var. Qapıçı mövqeyində Günay kimi bir oyunçumuz var və bu baxımdan içimiz rahatdır. Ancaq eyni zamanda onunla rəqabət aparacaq bir ad da istəyirik. Planlamalar gedir, amma bilirsiniz ki, bir klubun futbolçusunu almaq asan olmur. Azad agentlər isə daha asan alınır. Hakan kimi futbolçunu hər komanda istər, lakin "Galatasaray" olaraq büdcəmizi harada istifadə edəcəyimizə qərar verməliyik. Bu mənada Osimhenin transferi bizim üçün daha çox önəm daşımağa başlayır."
Okan Buruk, nigeriyalı hücumçu Victor Osimhen transferi ilə bağlı da son vəziyyəti açıqlayıb. Onun sözlərinə görə, klub rəsmisi Abdullah Kavukcu artıq İtaliyadadır və danışıqlar aparır:
"Osimhen üçün Abdullah Kavukcu hazırda İtaliyadadır. Əlindən gələni etməyə çalışır. Osimhenin bizimlə davam etmək istəməsi də çox önəmlidir. İnşallah bu transfer ən qısa zamanda başa çatar."