MKİ-dən çinli zabitlərə: "Tərəf dəyişdirin"


Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ/CIA) Çin hökumətindəki korrupsiyadan və Dövlət Başçısı Si Cinpinin hərbi kadrlar üzərində həyata keçirdiyi genişmiqyaslı təmizləmələrdən narahatlıq keçirən çinli zabitləri hədəf alan yeni bir video yayımlayıb. Videoda dəyərlərinə sadiq qalmaq və gələcəyini qorumaq üçün MKİ ilə əlaqə qurmağa qərar verən qondarma bir orta səviyyəli zabitin hekayəsindən bəhs edilir.

Videonun diktoru "Liderlik qabiliyyəti olan hər kəsdən qaçılmaz olaraq qorxulacaq və onlar amansızcasına yox ediləcəkdir. Bu çılğınların qızımın gələcək dünyasını formalaşdırmasına icazə verə bilmərəm", - ifadələrini işlədir.

Casusluq şəbəkəsini yenidən qurma cəhdləri

MKİ rəsmiləri ötən il başladılan işə qəbul kampaniyasının artıq bəhrə verdiyini və Çin daxilində insan kəşfiyyatı toplamaq üçün kritik əhəmiyyət kəsb edən yeni mənbələr əldə etdiklərini bildirirlər.

MKİ direktoru Con Retkliff məsələ ilə bağlı verdiyi açıqlamada "Çin hökumət rəsmilərinə və vətəndaşlarına daha parlaq bir gələcək üçün birlikdə işləmək imkanı təqdim etməyə davam edəcəyik", - deyib.

Bu addım ABŞ-ın 2010-cu ildə Çindəki casus şəbəkəsinin böyük ölçüdə çökdürülməsindən sonra illərdir davam edən yenidənqurma səylərinin bir hissəsi kimi qiymətləndirilir. Bir rəsmi nümayəndə "Videolar işə yarayır, qurduqları divar mükəmməl deyil", - deyərək, Si hökumətinin ABŞ kəşfiyyatından tamamilə qoruna bilmədiyini vurğulayıb.

Ordudakı təmizləmələr fürsət kimi görülür

MKİ Si Cinpinin 2012-ci ildə hakimiyyətə gəlişindən bəri həyata keçirdiyi və 200 mindən çox rəsmi şəxsin cəzalandırıldığı korrupsiya ilə mübarizə kampaniyasını bir fürsət kimi dəyərləndirir. Xüsusilə 2023-cü ildən bəri 20-dən çox yüksək rütbəli hərbi vəzifəlinin işdən çıxarılması və ya barəsində araşdırma başladılması hərbi iyerarxiya daxilində bir narahatlıq yaratdığı şəklində şərh olunur.

Çindəki təmizləmə prosesi və MKİ strategiyası

Sinin ordu üzərindəki sədaqəti möhkəmləndirmək üçün yüksək rütbəli generalları vəzifədən kənarlaşdırması orta təbəqə zabitlərdə gələcək qayğısı yaradır. Videoda korrupsiya və təzyiq əvəzinə ailə və şəxsi dəyərlərin qorunması mövzusu işlənərək emosional bir bağ qurulmağa çalışılır.

ABŞ rəsmiləri Çini bu gün qarşılaşdıqları ən böyük strateji təhdid kimi xarakterizə edir və bu növ əməliyyatlarla Çin hökumətinin daxili strukturuna sızmağı hədəfləyirlər. Analitiklər bu ilin əvvəlində Çinin ən yüksək rütbəli generalının vəzifədən uzaqlaşdırılması ilə nəticələnən görünməmiş sarsıntının MKİ-nin bu cür birbaşa çağırışlar etməsi üçün əlverişli zəmin hazırladığını bildirirlər.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu