Sülh danışıqlarında çətin mərhələ: Tərəflərin təklifləri arasında uçurum var
ABŞ Prezidenti Trampın İran sivilizasiyasını xəritədən silmək təhdidindən sonra elan edilən iki həftəlik atəşkəs prosesi başlayarkən, diplomatik həll axtarışları da intensivləşir.
AFN.az xəbər verir ki, Pakistanın vasitəçiliyi ilə cümə günü başlaması gözlənilən danışıqlarda Vaşinqton və Tehranın təqdim etdiyi sülh planları arasındakı dərin fikir ayrılıqları ən böyük maneə hesab olunur. Vaşinqton müharibənin əsas səbəbi kimi göstərdiyi İranın nüvə proqramını tamamilə dayandırmağı hədəfləyir.
ABŞ Müdafiə naziri Pit Heqset İsfahandakı nüvə obyektinin dağıntıları altında qalan təxminən 440 kiloqram zənginləşdirilmiş uranın 24 saat izlənildiyini bildirərək, İranın heç vaxt nüvə silahına sahib ola bilməyəcəyini vurğulayıb. İran tərəfi isə mülki məqsədli uran zənginləşdirmə hüququnun tanınmasında israr edir, halbuki Trampın 15 maddəlik planı bütün nüvə obyektlərinin sökülməsini və ehtiyatların ölkə xaricinə çıxarılmasını şərt qoyur.
Pentaqonun məlumatlarına görə, 12 günlük intensiv bombardman nəticəsində İranın raket komplekslərinin 80 faizi, hava hücumundan müdafiə sistemlərinin isə böyük hissəsi məhv edilib. ABŞ qalıcı razılaşma üçün Tehranın ballistik raket hazırlama fəaliyyətlərini dayandırmasını və müttəfiqlərinə PUA göndərişinə son qoymasını tələb edir.
Digər tərəfdən, Hörmüz boğazının yenidən açılması məsələsində razılıq əldə olunsa da, İranın boğazdan keçən gəmilərdən 2 milyon dollar keçid haqqı tələb etmək niyyəti Körfəz ölkələrində ciddi etirazla qarşılanıb. Birləşmiş Ərəb Əmirlikləri bu tələbin beynəlxalq dəniz hüququna zidd olduğunu bəyan edərək təklifi rədd edib.
Müzakirələrin ən həssas nöqtəsi isə Livan cəbhəsidir. Pakistan Baş naziri Şahbaz Şərif atəşkəsin Livanı da əhatə etdiyini bildirsə də, İsrail Baş naziri Benyamin Netanyahu bu iddianı qəti şəkildə təkzib edib. ABŞ Prezidenti Tramp da Hizbullahın varlığına görə Livanın sazişdən kənarda qaldığını və bu cəbhəni ayrıca bir münaqişə kimi gördüyünü ifadə edib.
