ABŞ-dan İrana müharibəni bitirəcək 15 maddəlik təklif
ABŞ və İsrail mərkəzli media qurumları Vaşinqton rəhbərliyinin İrana müharibəni dayandırmağı hədəfləyən 15 maddəlik plan təqdim etdiyini iddia edib.
AFN.az xəbər verir ki, adı açıqlanmayan rəsmilərə istinadən yayılan xəbərlərdə təklifin məzmunu və vasitəçilik prosesinə dair kritik detallar paylaşılıb.
"Wall Street Journal" qəzetinin məlumatına görə, plan İranın üç əsas nüvə obyektini tamamilə sökməsini və ölkə ərazisindəki bütün zənginləşdirmə fəaliyyətlərinə son qoymasını şərt qoyur. Layihə mətnində həmçinin Tehrandan ballistik raket proqramını dayandırmaq, bölgədəki proksi qüvvələrə verdiyi dəstəyi kəsmək və Hörmüz boğazını beynəlxalq gəmiçilik üçün tamamilə açmaq tələb olunur.
Xəbərdə bu addımların atılacağı təqdirdə İrana qarşı tətbiq edilən nüvə yönümlü sanksiyaların ləğv ediləcəyi və ABŞ-ın ölkədəki mülki nüvə proqramına dəstək verəcəyi irəli sürülüb. "New York Times" qəzeti isə hazırlanan planın Tehrana Pakistan vasitəsilə çatdırıldığını yazıb və Pakistan Ordusunun Komandanı marşal Seyid Asim Munirin iki ölkə arasındakı diplomatik trafikdə əsas vasitəçi rolunu oynadığını qeyd edib.
İsrailin "Kanal 12" televiziyası isə ABŞ-ın sözügedən 15 maddəni müzakirə etmək məqsədilə tərəflər arasında bir aylıq atəşkəs elan olunmasını istədiyini duyurub. "Reuters" xəbər agentliyi də mənbələrinə söykənərək Vaşinqtonun İrana təklif göndərdiyini təsdiqləyib. Hadisələrlə bağlı hələlik hər iki ölkənin rəsmi qurumlarından hər hansı açıqlama gəlməyib.
