Peter Magyar: Netanyahunu gələrsə həbs edərik
Macarıstan Baş naziri Peter Magyar Beynəlxalq Cinayət Məhkəməsi (BCM) tərəfindən axtarışa verilən İsrail Baş naziri Benyamin Netanyahunun Macarıstana səfər edəcəyi təqdirdə həbs olunacağını bəyan edib.
AFN.az xəbər verir ki, Magyar paytaxt Budapeştdə təşkil etdiyi mətbuat konfransı zamanı jurnalistlərin suallarını cavablandırıb. İsrail Baş naziri Benyamin Netanyahunu ölkəyə dəvət edib-etmədiyi və onun Macarıstana gələcəyi təqdirdə həbs edilib-edilməyəcəyi ilə bağlı suala cavab verən Magyar, bütün dövlət rəhbərləri ilə fərq qoymadan görüşdüyünü və hər kəsi dəvət etdiyini qeyd edib.
Magyar məsələ ilə bağlı izahat verərək bildirib ki, komandası məsələni araşdırıb və iyunun 2-nə qədər Beynəlxalq Cinayət Məhkəməsindən ayrılma prosesini dayandıra biləcəklərini müəyyən edib. O, "Tisza" hökumətinin qəti niyyətinin bu prosesi dayandırmaq və Macarıstanın BCM-ə üzv olaraq qalmasını təmin etmək olduğunu vurğulayıb.
Baş nazir əlavə edib ki, əgər bir ölkə Beynəlxalq Cinayət Məhkəməsinin üzvüdürsə və haqqında həbs qərarı olan şəxs həmin ölkənin ərazisinə daxil olarsa, o adam həbs olunmalıdır. Magyar bütün dövlət və hökumət başçılarının bu hüquqi vəziyyətdən xəbərdar olduqlarını da qeyd edib.
Xatırladaq ki, bundan əvvəl İsrail Baş nazirinin ofisindən verilən açıqlamada Netanyahunun Macarıstandakı ümumi seçkilərdə qalib gələn Magyar ilə ilk telefon danışığını keçirdiyi bildirilmişdi. Həmin açıqlamada Magyarnın Netanyahunu Macarıstan qiyamının 70-ci ildönümü münasibətilə keçiriləcək mərasimə dəvət etdiyi ifadə olunmuşdu.

