Tramp İrana qarşı blokadanın uzun müddət davam etdirilməsi üçün hazırlıq tapşırığı verib
ABŞ Prezidenti Donald Trampın İran limanlarına qarşı daha uzunmüddətli dəniz blokadasına hazırlaşmaq üçün müşavirlərinə tapşırıq verdiyi iddia edilir.
AFN.az xəbər verir ki, "Wall Street Journal" (WSJ) qəzetinin ABŞ rəsmilərinə istinadən yaydığı məlumata görə, Tramp Tehranı nüvə proqramından geri addım atmağa məcbur etmək məqsədilə ölkənin neft gəlirlərini və iqtisadi resurslarını hədəf alan təzyiqləri davam etdirmək qərarına gəlib.
Rəsmilər bildiriblər ki, Tramp yenidən hava hücumlarına başlamağı və ya münaqişədən tamamilə çəkilməyi mövcud blokadanı saxlamaqla müqayisədə daha riskli hesab edir.
Bu səbəbdən o, İran limanlarına dəniz hərəkətini məhdudlaşdıraraq neft ixracını təzyiq altında saxlamağa üstünlük verir.
Xəbərdə həmçinin qeyd olunur ki, Trampın yaxın ətrafında bəzi şəxslər təzyiqin artırılmasını dəstəkləsə də, digərləri Hörmüz boğazının qapalı qalmasının və müharibənin dərinləşməsinin qlobal iqtisadi və siyasi risklərindən narahatdırlar.
Xatırladaq ki, İran İnqilab Keşikçiləri Korpusu (SEPAH) fevralın 28-də baş verən ABŞ-İsrail hücumlarından sonra, martın 2-də Hörmüz boğazını keçidə bağladığını elan etmişdi.
Pakistanın ev sahibliyi etdiyi danışıqların uğursuzluqla nəticələnməsindən sonra Tramp sosial media hesabından blokada prosesini başladacaqlarını bildirmiş, aprelin 13-də isə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İran limanlarına daxil olan və ya çıxan bütün gəmilərə qarşı dəniz blokadasına start vermişdi.
Bu son xəbərlərdən sonra neft qiymətləri sürətlə bahalaşaraq 5 faizdən çox artıb.
Belə ki, "Brent" markalı neftin qiyməti 109,95 dollara, "WTI" markalı xam neftin qiyməti isə 105,12 dollara yüksəlib.
